“Beynəlxalq ordu yarışları çərçivəsində keçirilən tank biatlonu yarışları fərdi, estafet və final olmaqla üç mərhələdə keçirilir. Hər il olduğu kimi, bu turnirdə də həm komanda, həm də fərdi şəkildə uğur qazandıq”.
Teleqraf.com xəbər verir ki, bunu "tank snayperi" ləqəbi ilə tanın baş gizir Məftun İbrahimov deyib.
Onun sözlərinə görə, Beynəlxalq ordu yarışları çərçivəsində fərdi mərhələ üzrə qalib olub:
"Bu mərhələdə yarımfinala 23 ölkənin tankçıları vəsiqə qazandı. Qalib gəlmək üçün üç tank hədəfini ən tez və dəqiq məhv etməliydik. Bunun üçün hər iştirakçıya 30 güllə verildi. Güllələrdən cəmi 4-nü istifadə etməklə hədəflərin hər birini vurdum. Digər iştirakçılar tapşırığı ən tez 56 və 65 saniyəyə yerinə yetirdi. Mən digər tankçıları qabaqlayaraq tapşırığı 16 saniyəyə yerinə yetirdim və birinci oldum. Rusiyanın Müdafiə naziri tərəfindən "Dostluq" medalı ilə təltif olundum".
O, qeyd edib ki, hər nişan alanda nişangahında dayanan tank maketini düşmənin tankı təsəvvür edir:
"O tank ki, 20 Yanvar hadisələrində silahsız xalqımızın üstünə sürülmüşdü, o tank ki, Qarabağda dinc əhalimizi mərmi yağışına tutmuşdu. Evlərimizi, məscidlərimizi bombardman etmişdi. Yaşlılarımızı, uşaqlarımızı əzib üstündən keçmişdi. Nişangahında həmin tankı gördükdə tankın lüləsindən atəşlənən mərmi olmaq istəyirsən. Tətiyi barmağınla basanda, atəşi bütün ruhunla açırsan.
Mərmi hədəfi məhv edəndə, sanki qisas alırsan. Bax, mən uğurumu Vətənə sevgimdə, düşmənə olan nifrətimdə və qisas hissi ilə alışıb-yanan ürəyimdə görürəm. Bizim əsas məqsədimiz torpaqlarımızı azad etməkdir.
Moskva şəhərində baş tutan yarışlarda düşmənlərimiz də vardı. "Düşmənini zəif bilmə" deyirlər. Lakin mən qətiyyətlə vurğulayıram ki, zəifdirlər. Nə döyüş qabiliyyətlərini, nə hərbi biliklərini, nə də döyüş ruhlarını ordumuzla müqayisə etmək olmaz. Forma geyinmiş maketdirlər sanki. Qarşımızda bir dəqiqə belə tab gətirə bilməzlər. Heç uzağa getməyək, elə aprel və Günnüt qələbəsi bunu sübut etdi". (“Azərbaycan ordusu”)