Televiziyalar insanların zövqünü korlayır. Xaricdən baxanda bizə gülürlər.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Aqil Abbas deyib.
Deputatın fikrincə, İctimai Televizya, Azərbaycan Dövlət Televizyası və Mədəniyyət kanalı istisna olmaqla, digər kanalların fəaliyyəti qənaətbəxş sayıla bilməz:
“Hansı kanalı açırsansa, kimisə axtarırlar, gəlin qayınana ilə savaşır. Belə verilişlərlə insanların beynini yorur və zövqünü korlayırlar”.
Deputat əlavə edib ki, telekanallarla bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Prezidentin köməkçisi Əli Həsənovun məqaləsi olub.
Aqil Abbas təklif edib ki, televiziyaların cəzalandırılması ilə bağlı qanuna dəyişiklik edilsin:
“Dünyanın hər yerində belə cəzalar nəzərdə tutulub. Qardaş Türkiyədə kanallar bəzən bir həftə, bəzənsə bir ay cəzalandırılır, fəaliyyəti dayandırılır. Hesab edirəm ki, bizdə də Milli Teleradio Şurasına belə səlahiyyət verilməlidir. Televiziyalar əxlaqsızlıq yayır. Gövhər Baxşəliyeva deyir ki, rus məktəbləri lazım deyil. Camaat uşağını rus məktəbinə qoyur ki, heç olmazsa Rusiya televiziyalarına baxa bilsinlər. Azərbaycan kanallarına baxıb nə öyrənəcəklər?