10 Dekabr 2018 16:56
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 10-da Baş Prokurorluqda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərkən bütün Azərbaycan xalqı kimi, prokurorluq orqanlarının hər bir əməkdaşı da bu dahi şəxsiyyətin zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq ehtiramlarını bildirir, Vətəni və xalqı üçün gördüyü nəhəng işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətli olduğunu minnətdarlıq hissi ilə qeyd edirlər.

Bildirilmişdir ki, müasir Azərbaycanın şərəfli inkişaf tarixinin 30 ildən artıq bir dövrü fenomenal xüsusiyyətlərə, dərin təfəkkürə və güclü iradəyə malik ən böyük azərbaycanlının adı ilə bilavasitə bağlıdır. Məhz onun dəyanəti və cəsarəti, mətinliyi və zəkası, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzü ağ çıxaraq çətinliklərə sinə gərmiş, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilmişdir.

Azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli mənsubluğundan hədsiz iftixar hissi keçirən ulu öndər Heydər Əliyev öz fəaliyyəti və misilsiz xidmətləri sayəsində xalqın qəlbində və yaddaşında həmişəlik həkk olunmuş və elə bir iz qoymuşdur ki, ölkəmiz özünün bu dahi rəhbəri ilə daim fəxr edəcəkdir. O, sovetlər dönəmində, eləcə də müstəqillik illərində xalqımızın müdafiəsi və rifahı, milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün elə bir yorulmaz və əzmkar fəaliyyət göstərmişdir ki, Azərbaycan xalqı onu özünün həmişəlik ümummilli lideri seçmiş, vətəndaşların ürəyində və qəlbində əbədi yer tutmuşdur.

Vurğulanmışdır ki, respublikada əfvetmə institutunun bərpası, ölüm hökmünün ləğv olunması, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, hüquq mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması - bütün bunlar məhz ulu öndər Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir.

Nəzərə çatdırılmışdır ki, Heydər Əliyev ideyalarına və xalqına sadiqliyini əməli işləri ilə sübuta yetirən Prezident İlham Əliyev tərəfindən həmin ideyaların reallaşdırılması istiqamətində məqsədyönlü və yeni məzmunlu daxili və xarici siyasət həyata keçirilir. Dövlət başçısının uğurlu fəaliyyəti bir daha göstərir ki, Heydər Əliyev ideyaları yaşayır və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdiləşdirilməsini və vətənimizin hərtərəfli tərəqqisini təmin edir. Dünya birliyinə sürətlə inteqrasiya olunan ölkəmiz regionun lider dövləti statusunu özündə saxlamaqla iqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı ölkələri sırasında olan yerini qoruyub saxlamış, böyük enerji layihələrinin reallaşdırılması istiqamətində inamlı addımlar atmışdır.

Qeyd edilmişdir ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosial yönümlü siyasət həyata keçirən dövlət başçısı daim öz müdrik qərarları, səriştəli və bacarıqlı idarəçiliyi ilə xalqımızı ciddi sınaqlardan, iqtisadi risklərdən və onların yarada biləcəyi fəsadlardan xilas etmiş, ölkənin davamlı və dayanıqlı tərəqqisini təmin etmişdir. Son illərdə həyata keçirilən mütərəqqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar göstərilənlərin bariz nümunəsi olmaqla Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir.

Xüsusi vurğulanmışdır ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz aprel döyüşlərində öz hərbi gücünü və qətiyyətini real şəkildə bütün dünyaya nümayiş etdirməsi nəticəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı, eləcə də Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın və dövlətimizin tarixində çox əlamətdar hadisələrdən biri olmuş və öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərimizin işğal olunmuş torpaqlara qayıtma əzmini daha da artırmışdır.

Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaları reallaşdıran, məqsədlərinin əhəmiyyətinə və miqyasına görə Azərbaycanda alternativi olmayan Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verilməsi, xüsusilə Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsasını qoymuş Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı və əzmkar fəaliyyəti Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.

Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı İlham Əliyev əmin edilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun müəyyən etdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Ömür. Tale. Epoxa” adlı sənədli filmi nümayiş etdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər