27 Avqust 2014 16:15
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənliyə qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Bakıda yerləşən “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənliyə qarşı sui-qəsd hazırlayıblar. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər.

Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdiriblər.

Onlar Bakı şəhəri, Yasamal rayonundakı “Məşədi Dadaş” məscidinin partladılması üçün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq-mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra öz ətraflarına həmfikir toplamaq üçün Nəriman Mirzəyev bu ilin oktyabrında internetdə Facebook sosial şəbəkəsində “cihada başlamaq”, o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib.

Nəriman Mirzəyev Cinayət Məcəlləsinin 214.2.3-cü (odlu silhadan istifadə etməklə terroeçuluq törətmə), Mirzəhməd Rüstəmov isə 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəriman Mirzəyev 14 il, Mirzəmməd Rüstəmov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayəti üzrə ilkin baxış iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və apelyasiya şikayətləri müzakirə edilib. Daha sonra məhkəmə baxışı sentyabrın 9-na təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər