14 Yanvar 2019 23:14
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkəmizdə uğursuzluğa düçar olmuş və milli maraqlara zidd hərəkətləri ilə özlərini ifşa etmiş bəzi adamlar xaricə üz tutaraq, Azərbaycan əleyhinə qarayaxma kampaniyasında iştirak edir, sosial media vasitəsilə həqiqətə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar”.

Teleqraf.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, əlbəttə Azərbaycan cəmiyyəti belələrini dəstəkləmir, onların öz uğursuzluqlarını ört-basdır etmək üçün yalan məlumatlar dövriyyəyə buraxdıqlarını, anti-milli çağırışlar səsləndirdiklərini bilir:
“Ümumiyyətlə, bu cür cəhdlər faydasız və nəticəsizdir, iflasa məhkumdur, çünki Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkəmizdə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib. Bütün bu reallıqları görən hər bir vətəndaş Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlətimizin başçısına, onun siyasətinə böyük inamını ifadə edir”.

M.Qurbanlı qeyd edib ki, ona görə də Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanlar, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların “fəaliyyəti” xalq tərəfindən ciddi narazılıqla qarşılanır:
“Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvlərinin həbsdə olan bloqer Mehman Hüseynovla görüşməsi məhz “beşinci kolon” nümayəndələri tərəfindən səsləndirilən iddiaların yalan və böhtan xarakterli məlumatlardan ibarət olduğunu bir daha sübuta yetirdi”.


Müəllif: Səxavət