2 Fevral 2019 00:30
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezov ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş zamanı QMİ sədri bu yaxınlarda Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə etdiyi səfərdən danışıb. Qeyd edib ki, bu səfəri zamanı açılışında iştirak etdiyi Muxtarov məscidi Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlətimizin başçısına müraciətinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub. A.Paşazadə bunun Azərbaycan Prezidentinin nəinki ölkəmizdə, eləcə də bütün regionda dinə və dindarlara göstərdiyi qayğının göstəricisi olduğunu vurğulayıb.

Qonağa ölkəmizdəki tolerant mühit barədə məlumat verən QMİ sədri Azərbaycanın çoxmillətli və çoxdinli bir ölkə olduğunu, dövlətimizin milli siyasətinin müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların birgə yanaşı yaşaması, dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini söyləyib. O, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş vermədiyini, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, həmçinin dini münasibətlər mövcud olduğunu qeyd edib.

Raşid Temrezov Azərbaycandakı tolerant mühiti yüksək dəyərləndirdiyini bildirib. O, xalqlarımız arasında əlaqələrin tarixinə toxunub. Belə yüksək səviyyəli qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar, onların uğurlu nəticələri barədə məlumat verib. Bildirib ki, ölkəmizdəki ictimai-siyasi sabitlik iqtisadi sahəyə də müsbət təsir göstərir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərdən danışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər