Teleqraf.com saytının suallarını Xocalı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Elman müəllim, bu gün XX əsrin ən dəhşətli hadisələrindən birinin – Xocalı faciəsinin 27-ci ildönümünü yaşayırıq. Faciənin baş verdiyi ərəfədə şəhərdə vəziyyət necə idi?
– 1988-ci ildən etibarən Xocalıda gündəlik gərgin həyat başladı. Demirəm ki, hər gün toqquşma olurdu, – bu, yalan olar – ancaq vaxtaşırı münaqişələr, qarşıdurmalar, gərginlik, yaralananlar, qorxu, təlaş, arada ölüm halları olurdu. Əvvəlcə Moskvanın tabeliyində olan Arkadi Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi adlı qurum yaratdılar. Həmin komitə bir il işlədi. Ardınca Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçkonun rəhbərliyi ilə Təşkilat Komitəsi yarandı.
Volskinin komitəsi yaradılanda birinci katib Əbdürrəhman Vəzirov televiziyada sevincək dedi ki, daha biz bu problemlə məşğul olmayacağıq, Moskva məşğul olacaq. Yəni millilikdən uzaq bu başçılarla biz tədricən uduza-uduza gedirdik. Bu, artıq elə bir vəziyyətə gətirib çıxardı ki, 1991-ci ilin sentyabr-oktyabrından daha milli münaqişə olmadı, əsl müharibə başladı.
Biz həmişə olduğu kimi, yenə öz müdafiəmizlə məşğul olurduq, Azərbaycan Müdafiə Nazirliyi yarandı. Mənə tapşırıq verildi, mən də Xocalıda xocalılardan ibarət yerli özünümüdafiə batalyonu yaratdım. Təbii ki, hərbçimiz yox idi. Hamısı mülki insanlardan ibarət idi. 1991-ci il oktyabrın 31-dən noyabrın 1-nə keçən kecə Əsgəranda bizim bir “UAZ”ımızı vurdular, 2 nəfər öldü, 1 nəfər yaralandı. Həmin gündən ermənilər Əsgəran qalasını bağladılar və Azərbaycanın digər əraziləri ilə bizim quru yolla əlaqəmiz kəsildi. Biz 4 ay – Xocalının son gününədək tam mühasirədə yaşadıq. O dörd ayda biz 20-30 dəfəyə yaxın rus hərbçilərinin köməkliyi, onlara xahiş-minnət etməklə kolon düzəldirdik. Hərbi maşınlar öndə, arxada getmək şərti ilə biz yük maşınlarımızı ərzaq, dava-dərman gətirmək üçün Ağdam tərəfə keçirirdik və vertolyotlardan istifadə edirdik. Təbii ki, yaralılarımız, xəstələrimiz, nəyəsə ehtiyacı olanlar vardı. Qeyd etdiyim qədər hərbçilərin köməyindən bu məqsədlə istifadə etdik.
– Deyəsən, sonra hava əlaqəsində də problemlər yarandı...
– 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyotu ermənilər Xankəndi üzərində vurdular, 41 nəfər həlak oldu. Bununla mülki vertolyotların da uçuşu dayandı. Fevralın 9-da rəhmətlik Əlif Hacıyevin generatorlarımızı işlətmək üçün gətirdiyi 2 çəllək yanacağı düşürəndə mən həmin vertolyotla Ağdam tərəfə keçdim və ordan Bakıya gəldim.
Rəhbərliklə görüşdüm, vəziyyəti izah etdim. Yenidən Ağdama qayıtdım. Fevralın 11-dən 12-nə keçən gecə ermənilər Malıbəyli və Quşçuları işğal etmişdi. Fevralın 13-ü səhər 9-da mən Gəncənin hərbi aeroportunda idim. Daxili işlər naziri Tahir Əliyev mənə xəbər göndərmişdi ki, saat 9-da burda ol. Gəldim ki, Tahir Əliyev, müdafiə naziri Dadaş Rzayev, Gəncənin o vaxtkı başçısı Səbuhi Abdinov, Gəncənin polis rəisi Eldar Həsənov, onun müavini Ramiz Cahingirov da burdadır. Onlar mənə kömək etdilər və mən həmin gün hər dəfə 3 ədəd Mi-26 tipli vertolyot olmaqla, onları 2 dəfə havaya qaldıra bildim. Xocalıya xeyli silah-sursat, un, çörək, yanacaq gətirdik. Bununla Xocalıya hərbi vertolyotların da uçuşları başa çatdı.
Artıq gündəlik döyüşlər başladı, yaralananlar, ölənlər olurdu, ölənləri dəfn edə bilmirdik. Atəş altında qalmışdıq. Təsəvvür edin ki, fevralın 19-da rəhmətlik Aqil Quliyevin olduğu post tərəfdə – Həsənabad istiqamətində döyüş oldu. Orda xeyli sayda erməni öldürüldü. Həmin döyüşdə Musayev İlqar Vaqif oğlu şəhid oldu, Aqil özü isə yaralandı. Biz o şəhidi çox çətinliklə dəfn edə bildik. Qəbiristanlıq qayanın üstündə – hündürdə idi. Uşaqlar cənazəni sürüyə-sürüyə qəbirə saldılar.
Ümumiyyətlə, Xocalı çökəklikdə yerləşirdi. Erməni kəndləri isə hündürdə idi. Yəni biz davamlı atəş altında idik. Nə gəldi atırdılar. Xocalının coğrafi mövqeyi elə idi ki, gizlənməyə və gizlədilməyə şərait yox idi.
– Müsahibələrinizdə Xocalıya kömək gəlməməsini hər zaman ağrı və yanğı ilə dilə gətirirsiniz...
– Çox təəssüf ki, bizə o dövrdə köməyə Aqil Quliyevin rəhbərliyi ilə cəmi 21 nəfər könüllü gəldi. Onları da heç kim göndərməmişdi, öz ürəklərinin hökmü ilə gəlmişdilər və son anadək xocalılarla birlikdə qəhrəmanlıqla döyüşdülər. Başda Aqil Quliyev olmaqla onlardan 12 nəfəri qəhrəmancasına həlak oldu. Allah onların hamısına rəhmət eləsin.
Biz çox böyük ümidlə gözləyirdik ki, bizə kömək gələcək, bizi darda qoymazlar. Amma gəlmədilər. Gəlmədilər, ya gələ bilmədilər, ya təşkil edən olmadı. Bilirsiniz, o dövrdə Azərbaycanda bir dərəbəylik, qanunsuzluq hökm sürürdü, bir başıpozuqluq var idi. Düzdür, Müdafiə Nazirliyi yaradılmışdı, ancaq adı var idi. Vahid komandanlıq yox idi ki, Ağdamda olan 8-10 dəstəni bir yerə yığıb vahid bir komanda altında birləşdirələr. Bakıda oturan siyasətçilərin hərəsinin bir batalyonu var idi. Onlar nə komanda versəydilər, onu da yerinə yetirirdilər. Bu da fəlakətə gətirib çıxardı.
Azərbaycanda kifayət qədər qüvvə, vətənpərvər oğlanlar var idi. Ancaq bu gücləri vahid komanda altında birləşdirmək lazım idi. Bunu edə bilmədilər. O güclər birləşdirilsəydi, Əsgəran təbii ki, o güclərin qarşısında tab gətirə bilməzdi. Onlar o zolağı vurub keçib Xocalıya gələcəkdilər. Onlar Xocalıya gəlsəydi, aşağıdan biz – Xocalı, yuxarıdan Şuşa hücuma keçəcəkdik. Xankəndi avtomatik təslim, məhv olub aradan çıxacaqdı.
– Elman müəllim, Xocalı soyqırımının anım tədbirlərində iştirak etmək üçün hazırda Türkiyədə səfərdəsiniz. Bu səfər və keçirdiyiniz görüşlər barədə məlumat verməyinizi istərdik...
– Bəli, fevralın 22-dən etibarən deputat həmkarım Sona Əliyeva ilə birgə Xocalı şəhidlərinin anım mərasimində iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdəyik. İndiyədək çoxlu sayda tədbirdə, anım mərasimlərində iştirak etmişik. Bu tədbirlərdə Xocalıda azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş qətliam, bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlar barədə məlumat vermişik, faciə qurbanlarının xatirəsini anmışıq. Həmçinin toplantı iştirakçılarına bu qanlı hadisəni əks etdirən sənədlər nümayiş etdirilib.
Bilirsinizmi, mən Xocalıda insanların qətl edilməsinin səbəbləri barədə düşünəndə bu qənaətə gəlirəm ki, onların günahı ancaq müsəlman, türk - azərbaycanlı olmaları idi. Ermənilər və onlara kömək edənlər qarşılarına məqsəd qoymuşdular ki, Xocalıdan bir nəfər də sağ çıxmamalıdır. Hamısı öldürülməlidir. Yüz il öncə Anadoluda da belə edirdilər. Deyirdilər ki, “buranı türksüzləşdirmək lazımdır”. Yəni desinlər ki, burada tam olaraq ermənilər yaşayıb, başqa xalqlar olmayıb. Ermənilər Xocalıda da eyni şeyi etdilər. Bütün türk və müsəlman dünyası bu faciə ilə bağlı etiraz səsini ucaltmalıdır, sözünü deməlidir. Bu soyqırım təkcə türk-müsəlman dünyasına qarşı edilməyib. Bu, bütün insanlığa qarşı işlənən bir cinayətdir. Ona görə də dünya, beynəlxalq təşkilatlar susmamalıdır.
Bu cinayəti törədənlər cəzalarına çatmalıdırlar, onlar sərbəst gəzməməlidir. Ancaq əksinə onların iki nümayəndəsi Ermənistanda ən yüksək vəzifəni daşıdı, digərləri nazir vəzifələrini tutdu. Əgər bu gün onlar sərbəst gəzirlərsə, o zaman dünyanın digər yerlərində də bu cür cinayətkarlar üzə çıxacaq və digər yerlərdə də bu soyqırımları törədəcəklər. Çünki görəcəklər ki, Xocalıda soyqırımı törədənlər cəzalarına çatmadı, onlar cəzalanmadı. Əksinə, BMT-də, Avropa Şurasında onlara tribuna verirlər. Çıxışlarına əl çalırlar, “bəh-bəh” deyirlər. Belə olan halda təbii ki, növbəti soyqırımlar törənəcək.
Necə ki, bu gün Yaxın və Orta Şərqdə – Suriyada, İraqda, Əfqanıstanda və digər yerlərdə törədilir. Bunların qarşısını almaq üçün dünya beynəlxalq hüquqla tənzimlənməli, idarə olunmalıdır. Dünya zorla, güclə idarə olunmamalıdır. Çox təəssüf ki, dünya haqsız, ədalətsiz güclülərin əlində əzilir, dağılır.
– Dünya ölkələrinin Xocalı soyqırımını tanıması istiqamətində görülən işlərdən razısınızmı?
– Xocalıda törədilənlər beynəlxalq hüquqda soyqırımı cinayətinin təsnifatına tam uyğundur. Bu, qəbul olunur. Başda Pakistan İslam Respublikası olmaqla artıq dünyanın 17 dövləti, ABŞ-ın 24 ştatı Xocalı soyqırımını tanıyıb. Fevralın 26-sı bir ştatda Xocalı günü elan edilib. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb, ona hüquqi qiymət verib. BMT, Avropa Şurası tanımasalar da, məcbur olub, o sənədlər qarşısında aciz qalıb etiraf ediblər ki, belə bir hadisə olub.
Amma onlar Ermənistanı nədənsə çox istəyirlər. Ermənilər onların tərbiyəsiz övladıdır və onu həmişə dəstəkləyirlər. Nəyə görə, bilmək olmur. Yəqin ki, din amili də rol oynayır. Düşünürsən ki, görəsən biz – müsəlman-türk olaraq xristian dininə mənsub hər hansı xalqa qarşı soyqırımı törətsəydik, bizə nə edərdilər? Yəqin ki, hamımızı öldürərdilər. Ancaq türk milləti heç vaxt soyqırımlar törətməz.
Osmanlı imperiyası uzun əsrlər boyu dünyanın yarısına hakim idi, hardasa soyqırımı törədildimi? Kimsə dininə, dilinə görə təqib edildimi? Xeyr. Türk xalqı heç vaxt soyqırımlar törətməz, heç kimə toxunmaz. Hamıya hörmətlə yanaşar. Bunu ancaq faşist ideologiyası ilə yaşayan, tərbiyə alan ermənilər törədə bilər. Necə ki, İkinci dünya müharibəsi zamanı faşistlər yəhudi xalqına qarşı soyqırımı törətmişdilər. XX əsrin sonunda da ermənilər bizə qarşı soyqırımı törətdilər. Nə vaxt fürsət tapsalar, yenə də haradasa törədəcəklər. Çünki bunlar cəzasız qalıblar.
Bundan da ruhlanırlar. Deyirlər ki, biz 100 il öncə bunu Anadoluda, Azərbaycanın bir çox bölgələrində etdik. Bu gün toplu məzarlıqlar aşkara çıxır. Sonra XX əsrin sonunda Xocalıda etdik. Buna görə də bizə heç nə etmədilər. İndi də gücümüz olsa, başqa yerlərdə edəcəyik. Ona görə də bunlardan həmişə qorunmaq lazımdır. Düşməni tanımaq və ona qarşı barışmaz olmaq lazımdır və təbii ki, şəhidlərin, günahsız insanların tökülən qanlarının qisası alınmalıdır. Düşmən torpaqlarımızdan çıxarılmalı, cinayətkarlar cəzasına çatmalıdır.