“Bəzi təşkilatlarda, eləcə də AŞPA-da bir qrup insan anti-Azərbaycan mövqeyi tutaraq, qeyri-obyektiv münasibətləri ilə ölkəmizin imicinə xələl gətirmək istəyirlər. AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsində çirkli pulların yuyulmasına dair mövzu gündəlikdə əks olunsa da, icraata qəbul edilməyib və yekdilliklə gündəlikdən çıxarılıb”.
Bu fikirləri AŞPA-nın komitə iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində söyləyib.
O bildirib ki, Azərbaycan nümayəndə heyətinin apardığı iş nəticəsində martın 4-də Parisdə AŞPA-nın komitə iclasında yuxarıda adıçəkilən məsələ gündəlikdən çıxarılıb:
“AŞPA-nın üzv ölkələrində problemlərin araşdırılması və onların həll olunmasında hər hansı bir ölkənin hədəf seçilməsi qəbulolunmazdır. Bütün məsələlər ümumi kontekstdə müzakirə edilməlidir. AŞPA-nın əsas problemlərindən biri daxilində ikili standartları müəyyən edib aradan qaldırmaq istiqamətində səylər göstərməməsidir”.