Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Krım tatarlarının sürgün olunmasının 75-ci ildönümü ilə bağlı Tvitter hesabında paylaşım edib.
Teleqraf.com-un məlumatına görə, sözçü yazıb:
"18 may 1944-cü ildə sürgün olunan 400 mindən çox Krım tatarının və həyatını itirən on minlərcə qardaşımızın çəkdiklərini unutmamışıq, unutmayacağıq. Krımın ilhaqını tanımayan Türkiyə daim Krım tatarlarının yanında olmağa davam edəcək".
Xatırladaq ki, 13 aprel 1944-cü ildə SSRİ silahlı qüvvələri Faşist Almaniyasının hərbi hissələri qarşısında üstünlük qazanaraq onları Krım yarımadasından çıxardı. 1944-cü ilin 10 may tarixində Lavrenti Beriya Krım tatarlarını Almaniya tərəfində SSRİ-yə qarşı mübarizə aparmaqda və "vətənə xəyanət"də ittiham edərək İosif Stalinə onların sərhədyanı bölgələrdən ittifaqın daxili hissələrinə - Orta Asiyaya sürgün olunması fikrini rəsmən yazılı şəkildə təklif etdi.
Tezliklə 18-22 may tarixlərini əhatə edəcək deportasiya planı tam şəkildə hazırlandı. 18 may sübh tezdən Krım tatarlarının məcburi köçürülməsi başlandı.