Bakı Olimpiya Stadionunda “Arsenal” ilə “Çelsi” futbol klublarının final görüşünə bir gün qalıb. 1 milyard insanın seyr edəcəyi görüşdə həyəcan dolu anların yaşanacağı şübhəsizdir. Şübhəsiz ki, paytaxtımızda keçirilən bu möhtəşəm tədbir ölkəmizin beynəlxalq səviyyədə daha yaxından tanınmasında xüsusi rol oynayacaq.
Təəssüf doğuran odur ki, final oyununun fonunda Britaniya mətbuatında ölkəmizə və millətimizə düşmən olan qüvvələr anti-Azərbaycan kampaniyasına start verdi. Xoşagəlməz böhtanlara üzləşdik.
“The Independent” qəzetində “Arsenal”ın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanla bağlı məqalədə Azərbaycan haqqında dəhşətli iddiaların ortaya qoyması ölkəmizdə final oyunu ilə bağlı yaranmış bayram əhval-ruhiyyəsinə kölgə saldı.
Az sonra “The Daily Star” qəzetinin erməni əsilli Henrix Mxitaryanla bağlı yaydığı məlumatdan bəlli oldu ki, klub 30 yaşlı oyunçu ilə vidalaşmağa hazırlaşır. Çünki o, yaşıl meydanda keyfiyyətli oyun nümayiş etdirmir. Baş məşqçi Unai Emery onun oyunundan ciddi şəkildə narazıdır. “Arsenal”ın əsas heyətində yer almayan Henrix Mxitaryanın Bakıya gəlməkdən imtina etməsini bəhanə edərək Azərbaycana bütün cəbhə boyu hücum edən ingilis yazarların davranışı bizləri məyus etdi.
Amma Britaniyanın “The Sun” qəzetində Azərbaycanla bağlı gedən növbəti yazı ermənilərin dirijor çubuğu ilə müşahidə olunan qərəzli ittihamları süpürüb bir kənara atdı. Məqalədə əfsanəvi futbol hakimi Tofiq Bəhramovun Britaniya futbol tarixində oynadığı pozitiv rol qabarıq şəkildə öz əksini tapıb.
Yazar Rob Maulun qələmə aldığı məqalənin bəzi məqamlarını diqqətinizə çatdırırıq.
Yazıda qeyd olunur ki, 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kuboku (1966. FİFA) finalında ingilislər və almanlar (Qərbi Almaniya) üz-üzə gəldi. Uembli stadionunda keçirilən oyun zamanı Tofiq Bəhramovun İngiltərə milli futbol komandasının lehinə verdiyi qərar Britaniya futbol tarixində ən yaddaqalan hadisəyə çevrildi. Həmin finalın üstündən 50 ildən artıq vaxt keçməsinə baxmayaraq Tofiq Bəhramovun həmin qərarı beynəlxalq səviyyədə hələ də müzakirə olunmaqdadır.
“The Sun” yazır ki, “Arsenal” ilə “Çelsi” futbol klublarının azarkeşləri üçün ən məsləhətlisi o olardı ki, onlar taksiyə minib şəhərin görməli yerlərini gəzəydi. Fanatların İngiltərə futbol tarixində xüsusi önəmi olan bir şəxsi ziyarət etməsi də yaddaşlara yazılardı: “1966-cı ildə İngiltərə Dünya Kubokunu aldı. Bu münasibətlə Uembli stadionunda o vaxt İngiltərə milli futbol komandasının kapitanı olmuş Bobby Moore heykəl qoyulub. “Old Trafford”də (Mançesters stadionu) futbol əfsanələri ser Alex Ferguson, ser Matt Busby, George Best, Dennis Lavv və Bobby Charltona abidələr qoyulub.
Azərbaycanın paytaxtında isə bürüncdən futbol hakimi Tofiq Bəhramova abidə ucaldılıb.
Tofiq Bəhramov ingilislərin ürəyində xüsusi yer tutur-o, 1966-cı ildə keçirilmiş Dünya Kubokunun finalında yan xətt hakimi olub və İngiltərə ilə (Qərbi) Almaniyanın qarşılaşdığı həmin oyun Uemblidə bizim xeyrimizə başa çatıb”.
Həmin oyunun əsas vaxtı 2-2 hesabı ilə başa çatdı. Əlavə vaxtın 110-cu dəqiqəsində ingilislərin hücumçusu Geoff Hurst topu almanların qapısına göndərdi. Top dirəyə dəyib yerə düşüdü. İsveçrəli hakim Gottfried Dienst qərar verməkdə tərəddüd edir və yan xətt hakimini göstərir, yəni, qərarı o verəcək anlamında. Bəhramov isə meydançanın mərkəzini göstərir. İlk baxışda bu topun qapıdan keçib keçmədiyini demək olduqca çətin görünürdü.
100 min tamaşaçının qarşısında Tofiq Bəhramov son sözünü dedi və tarix yazdı. Bu qərar ingilislərdə sevinc, almanlarda isə qəzəb doğurdu.
Qəzet yazır ki, Tofiq Bəhramov xatirələrində qeyd edir ki, top xətti keçmişdi və mən doğru qərar verdim: ”O vaxt Britaniya qəzetləri onu “Rusiyanın yan xətt hakimi”, deyə təqdim edirdilər. Ancaq o, Bakıdan gəlmişdi. Azərbaycan isə 1991-ci ildən SSRİ-dən ayrıldı və dövlət müstəqilliyini elan etdi.
Bakıda o, əfsanəvi şəxsiyyət kimi xatırlanır. O, futbolçu, məşqçi, hakim və administrator kimi bütün həyatını futbola həsr edib. 1993-cü ildə-68 yaşında vəfat edib... O, dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən yeganə hakimdir”.
Tofiq Bəhramovun həyatı haqqında məlumat verən “The Sun” yazır ki, o, II Dünya Müharibəsi zamanı ön cəbhədə döyüşüb. Bir neçə klubda futbolçu kimi oynayıb. Ağır zədə aldığına görə futbolla tez vidalaşmalı olub.
O, 20 ildən çox hakimlik edib. 1970-ci ildə Meksikada keçirilən dünya çempionatında, 1972-ci ildə UEFA Avropa Çempionatının final oyununa da hakim kimi meydana çıxıb. O vaxt “Vulverhemton” və “Tottenham” finalda oynayıb.
Qəzet oxuculara bildirir ki, Tofiq Bəhramov hakimlikdən getdikdən sonra (1975) futbolla bağlı müxtəlif sahələrdə çalışıb: “Bir müddət Azərbaycan Futbol Federasiyasına rəhbərlik edib... Hazırda onun adını daşıyan futbol stadionu daha əvvəl Stalinin, daha sonra isə Leninin adını daşıyıb. 1993-cü ildən isə (ölümündən sonra) 31.200 yerlik stadiona onun adı verilib.
2004-cü il oktyabrın 14-də Bakıda keçirilən dünya çempionatının silsilə seçmə oyunları çərçivəsində Azərbaycan və İngiltərə yığmaları arasında matç ərəfəsində hazırda məşhur hakimin adını daşıyan stadionun girişində Tofiq Bəhrəmovun heykəlinin açılışında Geoff Hurst (yuxarıda onun haqqında yazmışdıq. 110-cu dəqiqədə Almaniyaya qarşı oyunda İngiltərə milli komandasından qələbə qolunu vuran oyunçu), UEFA prezidenti Mişel Platini və FİFA prezidenti Slepp Blatter iştirak etdi.
Onun oğlu Bəhram yazır: “İndi Azərbaycan müstəqil ölkədir. Atamin azərbaycanlı kimi təqdim olunması onun haqqıdır. Tofiq Bəhramov kimi insanlar 100 ildə bir dəfə doğulur”.
Qəzet bildirir ki, 1966-cı ilə keçirilmiş Dünya Çempionatından sonra Britaniya kraliçası II Elizabet tərəfindən ona “Qızıl Fıt” mükafatı verilib.
Hakimin oğlu Bəhram deyir: “Atam həmişə deyirdi ki, həmin oyunda (İngiltərə-Almaniya) o, doğru qərar verib. Əlbəttə, həmin qol çox mübahisə doğurdu. Ancaq o, öz işini gördü, başını dik tutdu və qərarını elan etdi”...
Qeyd edək ki, Tofiq Bəhramov 52 xarici ölkədə olsa da heç vaxt Almaniyaya getməyib. O, hakimlik etdiyi illər ərzində heç bir oyunçuya qırmızı vərəqə göstərməyib...
/Musavat.com/