26 İyun 2019 11:36
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Ordusunun yaranmasından 101 il ötdü. Ordumuzun meydana çıxması Müsəlman Korpusunun yaradılması ilə birbaşa bağlıdır.

Zaqafqaziya Komissarlığı 1917-ci ildə həm gürcü, həm erməni, həm də Azərbaycan xalqlarının milli hərbi qüvvələrinin yaradılmasını münasib bildi. O ilin 11 dekabrında həmin hökumət çoxluğu Azərbaycan türklərindən ibarət Müsəlman Korpusunun yaradılması haqqında qərar verdi. Korpusun komandiri rus-yapon müharibəsində “rus artilleriyasının Allahı” adını qazanmış general-leytenant Əli ağa Şıxlınski təyin edildi.

Ancaq bu korpus xalqı qorumaq gücündə deyildi. O üzdən 1918-ci ildə müstəqil dövlətin yaradıldığı elan edilən zaman azərbaycanlıların düşmən qarşısına çıxarmağa milli silahlı qüvvəsi yetmədi və özünü qorumaq üçün onlar Osmanlı dövlətindən hərbi yardım istəmək məcburiyyətində qaldı.

Osmanlı səltənətinin Baş komandan vəkili (müavini) Ənvər paşa öz qardaşı general Nuru paşanın komandanlığı altında 12-14 min nəfərlik Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.
Azərbaycan Cümhuriyyətinin elanından sonra hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusu “Əlahiddə Azərbaycan Korpusu” adlandırıldı.

İlk hökumət kabinəsində Hərbiyyə Nazirliyi olsa da, Gəncədə təşkil edilmiş ikinci kabinədə bu nazirlik nəzərdə tutulmamışdı, çünki ordu ilə bağlı bütün səlahiyyətlər Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya verilmişdi. Hökumətin tərkibində isə yalnız bu Ordunun komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil (İsmayıl xan Ziyadxanov) vardı.

Qafqaz İslam Ordusu komandanının 13 avqust 1918-ci il tarixli əmrinə əsasən Əlahiddə Azərbaycan Korpusu birbaşa Qafqaz İslam Ordusu komandanlığına tabe edildi. Beləliklə, Azərbaycanın təxminən 20 min nəfərlik hərbi qüvvəsi yarandı. Bu qüvvə ağır hərbi əməliyyatlardan sonra 15 sentyabr 1918-ci ildə ingilis-rus-erməni hərbçilərindən təmizlədiyi Bakını Azərbaycanın əbədi paytaxtı etdi.

1918-ci ilin oktyabrında Osmanlı dövlətinin imzalamağa məcbur olduğu Mudros müqaviləsindən sonra türk ordusu Qafqazdan və Azərbaycandan çəkilməyə başladı. Buna görə hökumət 1 noyabr 1918-ci ildə Hərbiyyə Nəzarətinin yaradılması haqqında qərar çıxardı. Bu Nəzarət Baş nazirə həvalə edildi, onun müavini isə tam topçuluq generalı Səməd ağa Mehmandarov təyin olundu.

Mehmandarov 7 noyabr tarixli əmrində öz vəzifələrinin icrasına başladığını bildirdi. Ümumi Qərargahın rəisi vəzifəsi polkovnik Həbib bəy Səlimova tapşırıldı.

Xoyskinin 26 dekabr 1918-ci ildə təşkil edilmiş üçüncü hökumət kabinəsində Mehmandarov hərbiyyə naziri təsdiqləndi. Dekabrın 29-da Şıxlınski onun müavini təyin edildi. Baş nazir Nəsib bəy Yusifbəylinin 1919-cu il aprelin 14-də və dekabrın 24-də təşkil etdiyi 4-cü və 5-ci hökumət kabinələrində də onlar bu vəzifələri tutdular.

Hökumətin 2 yanvar 1919-cu il qərarı ilə Əlahiddə Azərbaycan Korpusu ləğv olundu. Onun qərargahındakı zabitlər Hərbiyyə Nazirliyi aparatına və qoşun hissələrinə göndərildilər. 10 yanvar 1919-cu ildə hərbiyyə naziri yanında yüksək rütbəli hərbi xadimlərdən ibarət Hərbi Şura yaradıldı. Martda general-leytenant Məhəmməd bəy Sulkeviç Baş Qərargahın Baş İdarəsinin rəisi vəzifəsinə gətirildi.

Hərbiyyə nazirinin 11 fevral 1919-cu ildə təqdim etdiyi süvari qoşunlarının türk dilində Əsasnaməsi və Azərbaycan Ordusunun geyim forması təsdiq edildi. Bunlar Azərbaycanın milli hərb tarixində ilklər idi.

Əlbəttə, Hərbiyyə Nəzarətini təşkil etməklə iş bitmirdi – ordunu əsgərlə təmin edəcək qurumun yaradılmasına da ehtiyac vardı.

26 may 1919-cu ildə Məclisi-Məbusan Azərbaycan Cümhuriyyətinin mərkəzi, qəza, dairə və şəhər hərbi idarələrinin yaradılması haqqında Əsasnaməni təsdiq etdi. Bildirildi ki, bütün Cümhuriyyətdə hərbi mükəlləfiyyət işinə baxan ali qurum Azərbaycan Mərkəzi Hərbi İdarəsidir.

1919-cu ilin oktyabrında Azərbaycanda milli zabit kadrları hazırlayan hərbi təhsil müəssisəsi – Hərbiyyə Məktəbi yaradıldı. Polkovnik Rüstəm bəy Şıxlınski onun rəisi təyin edildi. Məktəbdə oxuyanlar “yunker” adlanırdı. Təhsil müddəti 2 il nəzərdə tutulmuşdu. 1920-ci il aprelin 24-də bu məktəbin vaxtından qabaq buraxılışı oldu, 104 zabit təhsilini uğurla başa vurdu. Çox təəssüf ki, cəmisi 3 gündən sonra Azərbaycan rus süngüləri ilə işğal olundu və həmin milli kadrların çoxunu işğalçılar cismən məhv etdi.

30 yanvar 1920-ci ildə hökumət Azərbaycan Cümhuriyyəti hərbi ordenlərinin, milli himninin, gerbinin və möhürünün layihələrinin hazırlanması haqqında qərar verdi.

Azərbaycan Ordusu öz fəaliyyəti dövründə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda rəşadətlə mübarizə apardı. Bakının azad edilməsində, Dağlıq Qarabağdakı qiyamın yatırılmasında, Yalama stansiyasında XI qırmızı ordunun qarşısının alınmasında öz vəzifəsini ləyaqətlə yerinə yetirdi. Ancaq arxasında böyük dövlətlərin dayandığı general Denikinin ağ ordusunu əzmiş XI ordunun qarşısında dayanmaq mümkün deyildi.

Sovet Rusiyası Azərbaycanın müstəqilliyini aradan qaldırdığı kimi, onun Ordusunu da tarixdən sildi...


Müəllif: Dilqəm Əhməd