Minimum əmək haqqının artırılması, təqaüdçülərin dəstəklənməsi böyük hadisədir. Bunun nəticəsində çoxsaylı insanlar kasıbçılıq kateqoriyasından çıxacaq. Eləcə də dövlətçiliyi, sərhədlərimizi qoruyan strukturların əməkdaşlarının, hərbi qulluqçuların əmək haqlarının 40 faiz artırılması müsbət hadisədir. Bu bizim hərbçilərimizin mənəvi ruhuna, vətənpərvərlik hisslərinə də müsbət təsir edir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə deputat Elmira Axundova “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib ki, müvafiq strukturlar bu artımların ərzaq məhsullarının qiymətinin bahalaşmasına səbəb olmaması üçün çalışmalıdır: “Eləcə də bank sisteminin əməkdaşları çalışmalıdır ki, manat dəyərdən düşməsin. Mən maliyyə naziri Samir Şərifovdan soruşmaq istərdim ki, bu cür halların baş verməməsi üçün preventiv tədbirlər görülürmü? Çünki əksər hallarda əmək haqqı artan kimi ərzaq məhsullarının qiyməti qaldırılır. Baxmayaraq ki, bunun üçün əsas yoxdur”.