UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü plenar sessiyası çərçivəsində keçirilən Dünya İrsi Gənc Peşəkarlar Forumunun təqdimatı baş tutub.
Teleqraf.com xəbər verir ki, təqdimat zamanı Dünya İrsi Gənc Peşəkarlar Forumunun sessiya iştirakçılarına mesajı dinlənilib.
Bildirilib ki, iyunun 24-də işə başlayan forumunda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edir. Son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumunun builki mövzusu “Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar”a həsr olunub. Forumun ümumi məqsədi XXI əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır.
Daha sonra Dünya İrsi Gənc Peşəkarlar Forumuna həsr edilmiş videomaterial təqdim edilib. Videomaterialda gənc peşəkarlar məqsəd və məramlarını və gələcəyə ünvanlanmış mesajlarını bir daha diqqətə çatdırıblar.
Sonra Dünya İrsi Gənc Peşəkarlar Forumunun üzvləri sessiya iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Dünya İrsi Gənc Peşəkarlar Forumu 24 iyun-2 iyul tarixlərini əhatə edir və 43-cü sessiya çərçivəsində təşkil edlən tədbirlərdən biridir.