UNESKO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilən 43-cü sessiyasında Dünya İrs Mərkəzinin Dünya İrs Siyahısına daxil edilən ilk nümunə Çin Xalq Respublikasının irəli sürdüyü “Köçəri quşların Sarı dənizin sahilləri-Çinin Bohay körfəzi boyunca sığınacaq tapması (Faza-1)” nominasiyası oldu. Bu təbii irs nümunəsi Çinin Jiangsu əyalətinin Yançenq bölgəsində yerləşir. Nominasiyanı əsaslandırmaq üçün Çindən, o cümlədən Yançenq şəhərindən sessiyada iştirak etmək üçün Bakıya geniş nümayəndə heyəti gəlmişdi. Onlardan biri də Çin Xalq Respublikasının Xalq Siyasi Məşvərət Konfransı Yançenq komitəsinin sədr müavini, professor Bopinq Tanq idi.
Nominasiya Dünya İrs Siyahısına daxil edildikdən sonra Teleqraf.com saytı olaraq Bopinq Tanqın fikirlərini öyrəndik.
Professor Bopinq Tanq bildirib ki, Yançenq Sakit okeanının qərb sahillərində ən böyük radiasiya qum təpəliklərinə malikdir:
“Bura Çinin, eləcədə də Asiyanın ən böyük çayı olan Yantsızı və Çinin uzunluğuna görə ikinci ən böyük çayı olan Xuanxe (Sarı çay) tökülür. Onların özü ilə gətirdikləri çöküntülər Sarı dəniz sahilləri boyunca yığılır. Bu, quşlar və maralların nadir növü olan, sayları çox gec artan Milu, yaxud David maralları üçün cənnət deməkdir. Bura minlərlə köçəri quş üçün də dayanacaqdır”.
Çinli alim və məmur daha sonra deyib:
“Sessiya zamanı bizə göstərdikləri qayğıkeş münasibətə görə Azərbaycan xalqına təşəkkür edirəm. Həmçinin, Dünya İrs Komitəsinə, bütün dünyadan olan tərəfdaşların, həmkarların və dostların hamısına onların Yançenqin ətraf mühitinin qorunması işini bəyəndiklərinə və bunu təşviq etdiklərinə görə minnətdarlığımı bildirirəm. Biz Yançenqin daha gözəl dünya təbii irs nümunəsi olması üçün böyük səylər göstərəcəyik”.
Qeyd edək ki, 43-cü sessiya zamanı Çinin daha bir irs nümunəsi Dünya İrs Siyahısına daxil edilib. Bu, 5000 illik tarixə malik Liangzhu şəhərinin arxeoloji qalıqları olub. Bununla da Çinin Dünya İrs Siyahısına daxil edilən irs nümunələrinin ümumi sayı 55-ə, təbii irs nümunələrinin sayı isə 14-ə yüksəlib. Dünya İrs Siyahısına daxil edilən təbii irs nümunələrinin ümumi sayına görə Çin dünyada birinci yeri tutur.