15 Sentyabr 2014 10:46
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir deputat Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya Bakıda abidə qoyulması təklifi ilə çıxış edib.

Teleqraf.com-un məlumatına görə, Milli Məclisin deputatı Əli Məsimli təklif edib ki, Qafqaz İslam Ordusunu şərəflə anaraq 15 sentyabr - Bakı Günü elan edilsin:

“Bakının azad olunmasında şəxsi şücaətlərinə görə, Azərbaycan xalqının minnətdarlıq hisslərinin ifadəsi kimi, eləcə də Bakının azad olunması uğrunda döyüşlərdə şəhid olmuş 1130 türk əsgərinin ruhu şad olun deyə Bakıda Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya möhtəşəm bir abidə qoyulsun. Düz 96 il bundan əvvəl,1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnaq işğalından və digər yadelli qüvvələrdən azad edilməsi Azərbaycan tarixinin, Azərbaycan-Türkiyə qardaşlığının ən mühüm hadisələrindən biridir. Bakının işğaldan azad olunması dövlətçilk baxımından öz tarixi əhəmiyyətinə görə, 1918-ci il mayın 28-də Azərbaycan istiqlalının elan edilməsindən sonra ikinci möhtəşəm hadisədir. Qardaş Türkiyənin hərbi dəstəyi ilə Bakının azad edilməsi Azərbaycan tarixinə şanlı bir zəfər günü yazdı. Bakının bolşevik-daşnaq işğalından və digər yadelli qüvvələrdən azad edilməsi Azərbaycan adlı müstəqil bir dövlətin varlığına hesablanmış tarixi bir zəfər idi. Bakının işğaldan azad olunması Azərbaycan-Türkiyə qardaşlığının bir millət iki dövlətin ortaq dəyərlərindən qaynaqlanaraq çox möhkəm, sarsılmaz bir təməl üzərində olduğunun bariz nümunəsidir”.

Onun fikrincə, bu, həm də iki qardaş ölkənin hərbi əməkdaşlığının başlanğıcıdır: “Bakının işğaldan azad olunması milli qürur baxımından eyni zamanda həm də türk xalqlarının tarixinin şanli səhifəsidir. Bakının azad edilməsi qlobal baxımdan o vaxtlar dünya neftinin 50 faizini verən bir şəhərin yenicə müstəqillik qazanmış Azərbaycan Xalq Cumhuriyyətinin paytaxtına çevrilməsi demək idi. Bakının işğaldan azad olunması Azərbaycanda tamamailə yeni bir situasiya yaratdı, Azərbaycan türkünü Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün bolşevik-daşnaqlar tərəfindən düşünülmüş və ən qanlısı 1918-ci ilin martında baş vermiş kütləvi qırğınların qarşısını aldı. Qədir bilən Azərbaycan xalqı hər il Bakını azad etmiş türk əsgərinin xatirəsini Şəhidlər Xiyabanında ucaldılmış abidənin önündə, eləcə də Göyçayda, Şamaxıda və digər şəhər və rayonlarımızda şəhid olan türk əsgərlərinin timsalında yad edirlər. Çox əlamətdar haldır ki, Bakı 1918-ci il sentyabrın 15-də müqəddəs müsəlman bayramı - Qurban Bayramı günü azad edilib. Arzu edirik ki,1918-ci ilin sentyabrın 15-də Qafqaz İslam Ordusunun köməyi ilə Bakını işğaldan azad edib, məhz həmin gün müdəddəs Qurban Bayramını Bakıda keçirməyi bacaran xalqımız, indi də Azərbaycan Ordusunun köməyi ilə gələn ilin Qurban Bayramın işğaldan azad edilən Qarabağda keçirsin!”.

Qeyd edək ki, deputat Fazil Mustafa da Nuru Paşanın xatirəsinə abidə ucaldılmasını təklif etmişdi.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər