25 Sentyabr 2019 11:37
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molineus Azərbaycana gəlib.

Səfər sentyabrın 27-dək davam edəcək.

Məlumata görə, S.Molineus səfər zamanı Azərbaycan İqtisadiyyat, Maliyyə nazirliklərində, Maliyyə Bazarlarına Nəzarət Palatasında və hökumətin iqtisadi blokuna daxil olan digər qurumlarda görüşlər keçirəcək. S.Molineus sentyabrın 26-da Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə Bakıda keçiriləcək “Təsirli investisiyalar: institusional investorlar üçün imkanlar və çağırışlar” (Impact Investing: Opportunities and Challenges for institutional investors) adlanan konfransda iştirak edəcək.

Xatırladaq ki, yeni regional direktor öz vəzifəsinin icrasına bu il iyulun 1-dən başlayıb. Regional direktor DB-nin Cənubi Qafqaz üzrə regional ofisinin yerləşdiyi Tbilisi şəhərində fəaliyyət göstərir.

Milliyətcə alman olan S.Molineus Dünya Bankı qrupuna 2002-ci ildə qoşulub. O, Beynəlxalq Maliyyə Korporasiyası və DB-də müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, DB-nin Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Mersi Tembon olub. O, 2015-ci ilin sentyabrından 2019-cu ilin iyun ayına qədər bu vəzifəni tutub və bundan sonra öz fəaliyyətini Banqladeşdə davam etdirəcək./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər