9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” adlı marafon keçirilib.
Teleqraf.com xəbər verir ki, “Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!” şüarı ilə keçirilən marafona Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndələri də qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, marafona 70-ə yaxın iştirakçı qoşulub və 6 km yol qət ediblər. O, yürüşün əhəmiyyətindən danışıb: "Marafonun keçirilməsində məqsəd təkcə milli parklarda ekoturizmin inkişafına nail olmaq deyil, həmçinin insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir. Qalib gələn ilk 3 yerin sahibinə Abşeron Milli Parkı tərəfindən hədiyyələr təqdim olunacaq. Bundan başqa marafona qoşulan bütün iştirakçılara mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı yaradan dəvətnamə təqdim olunacaq".
Tədbirin sonunda qaliblərə hədiyyələr təqdim olunub.