28 Yanvar 09:23
2 535

Çinin Vuhan şəhərində 2019-cu ilin dekabr ayında ortaya çıxan yeni koronavirus növü 10-dan çox ölkədə, əsasən də Asiyada yayılıb.

Teleqraf.com xəbər verir ki, Çində əsl vəziyyət fərqlidir. Virusun ən çox yayıldığı Vuhan şəhərini ordunun mühasirəyə aldığı deyilir. Şəhərdən çıxmaq istəyənlərin isə güllələndiyi bildirilir. Pekin administrasiyasının virusa nəzarət üçün Vuhanı məhv etməyi planlaşdırdığı da iddia edilir.

Məlumatlara görə, ölkədə 60 milyon insan karantinə cəlb edilib.

Çin dövlətinin rəsmi açıqlamasına görə,virusdan ölənlərin sayı 106, koronovirus daşıyıcılarının sayı isə 4500 nəfərə çatıb.

Ölənlərin əksəriyyəti Huanan Dəniz Bazarında işləyən və ya alver edən insanlardır. Ölkədə komendant saatı elan olunub.

Şəhərdən sızan səs yazısına görə, Vuhanda 100 min yoluxma faktı və 2744 ölü var. 30 mindən çox çinli müşahidə altına alınıb. Mühasirəyə alınan şəhərlərin dünya ilə əlaqəsi kəsilib, şəhərlərarası yollar beton bloklarla bağlanıb. Meşələr infraqırmızı cihazlarla izlənilir.

Hubeyin Vuhan şəhərində virus aşkar edildikdən sonra vilayətin bəzi şəhərlərində ictimai nəqliyyat xidmətləri dayandırılıb. Pekin, Şanxay, Tianjin və Tianian şəhərlərinə avtobus girişi-çıxışı qadağan edilib. Çindəki bütün maliyyə idarələri koronavirusla mübarizə üçün 1,63 milyard dollar ayırıb.

ABŞ, Rusiya və Yaponiya vətəndaşlarını karantin zonasından təxliyə etmək üçün Çinə müraciət edib. Yaponiya, Avstraliya, ABŞ və Böyük Britaniya hava limanlarında sərnişinlər tibbi yoxlamadan keçirilir.

Qonşu Monqolustandakı bütün təhsil müəssisələrində martın 2-nə qədər tətil elan edilib. Qazaxıstan Çin pasportu olanlara 72 saatlıq tranzit vizasız uçuşları dayandırıb.


Müəllif: Aysel Azad