25 Sentyabr 2014 12:23
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Hacıyev: “Münaqişənin həlli üçün əsas maneə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində fiziki mövcudluğudur”

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Şotlandiyada keçirilmiş referendumla əlaqədar söylədiyi fikirlərə şərh verib.

Teleqraf.com-un məlumatına görə, H.Hacıyev Azərbaycanın beynəlxalq hüququn prinsiplərindən biri olan xalqların öz müqəddəratını təyin etməsinə və öz iradəsini ifadə etməsinə hörmətlə yanaşdığını bildirib: “Amma xalqların öz müqəddəratını təyin etməsi işğal, təcavüz və qanlı etnik təmizləmə əsasında və mərkəzi hökumətin icazəsi olmadan həyata keçirilə bilməz. Bu, həm də dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməlidir”.

H.Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi kobud şəkildə pozularaq, Azərbaycana qarşı hərbi təcavüz edildiyi və ərazisinin 20 faizi işğal olunduğu, bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkün halına salındığı, işğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı görünməmiş cinayətlər və qanlı etnik təmizləmə törədildiyi halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində E.Nalbandyanın insan hüquqları, demokratik azadlıqlar və xalqların öz müqəddəratını təyin etməsindən danışmağa siyasi, hüquqi və mənəvi haqqı yoxdur: “Çünki bu prinsipin əsasını təşkil edən zəmin tam şəkildə pozulub. Ermənistanın xalqların öz müqəddəratını təyin etmək prinsipini bəhanə gətirməsi Azərbaycana qarşı həyata keçirilmiş işğal və təcavüzə görə rəsmi Yerevanın daşıdığı məsuliyyətin uğursuz formada pərdələnməsi və haqq qazandırılması cəhdidir”.

XİN rəsmisi Ermənistan xarici işlər nazirinə xatırladıb ki, Helsinki Yekun Aktında bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsindən bəhs olunarkən, BMT Nizamnaməsinin məqsəd və məramlarına, beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi tələb olunur: “Eyni zamanda, zor tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməzliyi Helsinki Yekun Aktında təsbit olunub.
Münaqişənin həlli üçün əsas maneə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində fiziki mövcudluğudur. Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərindən çıxarıldıqdan, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan, kommunikasiyalar və etimad mühiti bərpa edildikdən sonra Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını müəyyən edə bilər. Etimad tədbirləri də ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması ilə başlamalıdır.

Rəsmi Yerevan yalan və iftiralarla öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinə və təxribatçı əməllərə son qoymalı, konstruktiv və sivil qaydada münaqişənin həlli istiqamətində konkret addımlar atmalıdır”.

Səxavət


Müəllif: