Malta Respublikasının Prezidenti Corc Vella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un xəbərinə görə, təbrik mətnində deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza Malta Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan yaxşı münasibətlər xalqlarımızın qarşılıqlı mənafeyi naminə bundan sonra daha da möhkəmlənməkdə davam edəcəkdir. İnanıram ki, qarşılıqlı maraq kəsb edən sahələrdə, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün ölkələrimiz qarşısında aşkarlanması zəruri olan çoxsaylı imkanlar mövcuddur.
Bundan əlavə, COVID-19 pandemiyasının yayılması ilə bağlı yaranmış mövcud şəraitdə beynəlxalq ictimaiyyətin həmrəylik nümayiş etdirməsi və bütün ölkələrin bəşəriyyət qarşısında presedenti olmayan bu çətinliyin öhdəsindən gəlmələri üçün güclərini birləşdirmələri mütləqdir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə sülh, tərəqqi və firavanlıq arzu edirəm.
Zatı-aliləri, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Koreya Respublikasının Prezidenti Mun Ce-indən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un xəbərinə görə, təbrik mətnində deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Ümid edirəm ki, ölkələrimiz arasında illər boyu inkişaf edən dostluq və əməkdaşlıq əlaqələri öz gözəl bəhrəsini verəcəkdir. Bunun üçün Sizinlə daha yaxından əməkdaşlıq etməyi arzulayıram.
Zati-alinizə bir daha möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm".