“Azərbaycan bir çox sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük nailiyyətlər əldə edib. Bu gün bizim çox güclü ordumuz var, keçirilən təlimlər də bunu göstərir. Ordunun mənəvi-psixoloji və döyüş hazırlığı yüksəkdir, ən müasir silah-sursat və hərbi texnikası var. Cənab prezident öz çıxışında bir daha vurğuladı ki, Azərbaycan ordusu istənilən vəzifəni icra etmək gücündədir”.
Bu sözləri Teleqraf.com-a hərbi ekspert Emin Həsənli mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxış edən Prezident İlham Əliyevin fikirlərini şərh edərkən deyib.
Hərbi ekspertin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrin sıralarında vətənpərvər və peşəkar hərbçilərimiz xidmət edirlər:
“Eyni zamanda, son illər ölkədə müasir standartlara cavab verən hərbi hissələr, hərbçilər üçün tibbi hospitallar tikilib, bu müəssisələrin hər biri ən yeni texnologiya və avadanlıqlarla təmin edilib. Paralel olaraq, hərbçilərin mənzil və sosial şəraiti yaxşılaşdırılıb, yəni, hərbi qulluqçularımızın hərbi xidmətdən keçmələri üçün hər cür şərait var.
Cənab prezident tez-tez hərbi hissələrə səfər edir, ordu quruculuğunu birbaşa nəzarətdə saxlayır, Silahlı Qüvvələrimizə öz diqqət və qayğısını göstərir. Azərbaycanın güclü ordusu və bu ordu mütləq öz torpaqlarını işğaldan azad edəcək.
2016-cı ilin aprel ayında baş verən döyüşlər də bunu göstərdi. Cənab prezident öz çıxışında bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi tarixi məsələdir və bu, birdəfəlik həll olunmalıdır. Azərbaycan xalqı bunun üçün öz dövləti ilə yanaşı, ordusuna da güvənir.
Azərbaycanın hər bir vətəndaşı Silahlı Qüvvələrlə qürur duyur, Silahlı Qüvvələr bizim qürur mənbəyimizdir. Hər bir vətəndaş öz qəhrəmanına, əsgərinə, ordusuna sayğı ilə yanaşmalı, ona hörmət etməlidir. Sevindirici haldır ki, bu gün Azərbaycanda vətənpərvər gənclik yetişir.
Qəhrəmanlarımız, hərbi qüvvələrimiz və bu torpaqlar həmişə xalqımız tərəfindən əziz tutulub.
Hesab edirəm ki, ordumuz qısa bir vaxtda torpaqlarımızı işğaldan azad edəcək. Ali Baş Komandan əmr versə, ordumuz Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək. Azərbaycan dövləti həm ordu quruculuğunda, həm iqtisadi, həm xarici siyasətdə, həm də sosial sahələrdə məqsədyönlü və ardıcıl işlər aparır. Bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu hərbi mütəxəssisləri, o cümlədən, düşmən ölkənin ekspertləri də açıq bəyan edirlər ki, Azərbaycan regionda Ermənistandan qat-qat güclüdür – bütün paratmetrlər üzrə, xüsusən də ordu quruculuğunda əldə etdiyi nailiyyətlərə görə...”.
Emin Həsənli qeyd edib ki, ordumuzun ən müasir səviyyəyə gətirilməsi üçün illərlə aparılan iş öz nəticəsini və bəhrəsini verir:
“Ordumuzda xidmət edən hərbi qulluqçuların mənəvi-psixoloji və döyüş hazırlığı da çox yüksək səviyyədədir. Bütün qoşun növləri – həm Daxili Qoşunlar, həm Dövlət Sərhəd Xidməti, həm də Hərbi Hava Qüvvələri, Quru Qoşunları çox yüksək səviyyədə təşkil olunub. Həyata keçirilən təlimlər də bunu əyani şəkildə göstərir. Bu gün ordumuz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazırdır.
Ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığı yüksəkdir, onlar da qısa bir zamanda təlimlərə qoşuldular. Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti bu prosesi nə qədər peşəkar apardığını göstərdi. Bunlar ehtiyatda olan qulluqçularımızın, gənclərimizin, Azərbaycanın insanın nə qədər vərənpərvər olmasının bariz nümunəsidir.
Pandemiya dönəmində ordu üçün görülən işlər də diqqətdən yayınmadı. Bu səbəbdən hərbi çağırışlar bir ay müddətinə təxirə salındı, hərbi qulluqçularımızın öz ailələri ilə video-görüntü formatında əlaqə saxlaması təmin olundu, hərbi hissələrdə karantin rejimləri tətbiq edildi. Bu yöndə aparılan sistemli iş onu göstərdi ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də ən gözlənilməz hallara hazırdır və bu problemlərin öhdəsindən gəlmək gücündədir.
Cənab prezident öz çıxışında da qeyd etdi ki, bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik".