Qabil Hüseynli: “Sanksiyaların tətbiq edilməsini qaldıra bilərik”
Ramiz Alıyev: “Düşmənlərimiz tərəfindən təzyiqlər olacaq”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi məsələlər komitəsinin iclasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilib.
Yeni məruzəçi britaniyalı deputat Robert Volterdir.
Bu məruzənin hazırlanması Dağlıq Qarabağ probleminin həllində və bütövlükdə Azərbaycanın xarici siyasətində nə kimi rol oynayacaq?
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli bildirib ki, yeni məruzəçi təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymağı bacaracaqsa, onda münaqişənin həlli üçün daha münbit şərait yaranacaq:
“Çünki münaqişə ilə bağlı məsələlərdə Ermənistanın təcavüzkar olmasından, Azərbaycanın torpaqlarının 20 faizinin işğal etməsindən danışanda deyirlər ki, toxunmayın, bu, tarixçilərin işidir, gələcəkdə onlar araşdırarlar. Halbuki, bu eyni hadisənin ayrı-ayrı tərkib hissələridir. Bundan əvvəl bir məruzəçi də təyin etmişdilər. Həmin məruzəçi Ermənistanı təcavüzkar kimi qiymətləndirmişdi və Azərbaycanın torpaqlarının işğal faktını təsdiqləmişdi. Bu dəfə də belə olacaqsa, yəni Ermənistanın Azərbaycan torpaqlarına təcavüz etməsi barədə fikirlər öz əksinin tapacaqsa, onda həmin məruzəçinin fikri obyektiv olacaq və tərəfimizdən də qəbul olunacaq.
Yox, əgər ümumi sözlərdən ibarət olub, tərəfləri kompromisə çağıran, sülhün yeganə yol olduğunu söyləyən, müharibənin yolverilməzliyindən danışan fikirlər yer alacaqsa, çətin ki, münaqişənin həllinə kömək etsin”.
Politoloqun sözlərinə görə, yeni məruzəçi obyektiv məruzə hazırlayarsa, demək olmaz ki, münaqişənin həlli ilə bağlı vəziyyət dərhal dəyişəcək. Q.Hüseynli bildirib ki, belə olduğu halda bu, Azərbaycanın xeyrinə ikinci hadisə olur: “Biz beynəlxalq qurumlar qarşısında təcavüzkar Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini qaldıra bilərik. İkinci belə hadisə olduqda, Ermənistanın AŞ PA-dan, eləcə də Avropanın digər qurumlarından çıxarılması məsələsini qaldırmaq mümkündür. Yaxud da, Avropa Şurasının Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq etməsini tələb edə bilərik. Necə ki, indi Rusiyaya qarşı tətbiq edirlər”.
Politoloq Ramiz Alıyev bu hadisəni Azərbaycanın xarici diplomatiyasının uğuru hesab edib. Bildirib ki, burada vacib məsələ belə bir məruzənin hazırlanması üçün AŞPA -dan razılığın alınması və Azərbaycanın haqlı olduğunu beynəlxaq təşkilatda bir da səsləndirməkdir: “Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin bu kimi fəaliyyəti təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Bu nümayəndə heyətində olan hər bir insan çalışır ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətə ölkəmizi təmsil etdikləri beynəlxalq təşkilatlarda lazımı şəkildə dəstək göstərsinlər. Təyin edilən britaniyalı məruzəçi Robert Volterin necə məruzə hazırlamasına gəlincə, hesab edirəm ki, erməni lobbisi və xarici düşmənlərimiz tərəfindən müəyyən formada təzyiqlər olacaq. İnanmaq istərdim ki, məruzəçi Robert Volter bu cür təzyiqlərə baxmayaraq, obyektiv məruzə hazırlayacaq”.
BƏXTİYAR