29 İyun 2020 23:19
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın tanınmış pop müğənnisi Peyman Keyvani İran rəsmilərinin yaratdığı maneələrdən sonra karyerasına son qoymağa məcbur olub.

Teleqraf.com xəbər verir ki, müğənni bu barədə özünün İnstaqram səhifəsində məlumat verib.

“Dörd yandan ac cənazələr daraşıb, kimə acıqlanım, kimə dillənim? Allaha şükür edirəm ki, qeyrətimi və şərəfimi pula satmadım, hər zaman nəfsimi saxladım, baş əymədim və inancımdan vaz keçmədim. Bəlkə də buna görə görünməyimi istəmədilər”, - Keyvani qeyd edib.

Gənc müğənni 2018-ci ildə Azərbaycan dilində konsertinə icazə verilmədiyi üçün gitarasını yandırmışdı. Bununla da konsertə icazə verməyən İran Mədəniyyət Nazirliyinə öz etirazını bildirmişdi: “Mən türkcə konsert üçün icazə istəyirəm, məsul şəxslər bu tələbdən qarın ağrısına düşür. Nə üçün ana dilimdə musiqiyə və konsert keçirməyə icazə verilmir?! Bu vəziyyətə etiraz olaraq gitaramı yandırıram, bundan sonra da heç vaxt Ərdəbildə konsert verməyəcəyəm”.

Keyvani Güney Azərbaycanda tanınıb-sevilən müğənnilərdən biridir, onun əksər mahnıları vətənpərvərlik mövzusundadır.

Əlavə edək ki, İranda azərbaycanlı müğənnilərin əksəriyyəti konsert keçirmək üçün oxşar problemlə üzləşir. İran Mədəniyyət Nazirliyi Azərbaycanın şəhərlərində fars dilində konserti dəstəklədiyi halda, azərbaycanlı müğənnilər bir çox problemlə üzləşir.


Müəllif: Mənsur Rəğbətoğlu