4 İyul 2020 16:50
2 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin rejim qaydalarına zidd olaraq sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan dəfn mərasiminin iştirakçıları müəyyən olunaraq saxlanılıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, idarə əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 3-də Hövsan qəsəbəsində Mail Mustafayevin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Onlarla aparılan profilaktik və izahedici söhbətlərdə diqqətlərinə çatdırılıb ki, onların mərasimdə iştirakı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir.

Onlar əməllərindən peşman olduqlarını bildirməklə, səmimi peşmançılıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Mail Mustafayev kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb. O, dünən qətlə yetirilib.

Qeyd edək ki, iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər