Mətbuatımızın 145 illiyinə ithaf
“1903-cü il idi... Tiflisdə Məhəmməd ağa Şahtaxtlının “Şərqi-Rus” adında gündəlik qəzeti nəşr olunurdu. Bu, 1875-ci ildə çıxan Həsən bəy Zərdablının “Əkinçi”sindən sonra demək olar ki, Azərbaycanın türkcə ilk qəzeti idi. “Şərqi-Rus”u böyük diqqət və maraqla oxuyurdum. Sadəcə oxumaq deyil, bu qəzetə yazı yazmaq arzusunu da ürəyimdə bəsləyirdim... Bir gün özümə hakim ola bilmədim. Həmin günün dəqiq hansı gün olduğunu indi müəyyən edə bilmərəm. Hər halda bu, 1903-cü ilin ya bahar, ya da son bahar günlərindən biri idi... Bakının o zamankı alışqanlığına görə, monden (bir toplumda yüksək gəliri olan, əyləncəli həyat tərzi keçirən təbəqə - D.Ə) gəncliyi millət fərqi olmadan ilıq mövsümlərdə hər axşamüstü Qubernator bağı adlanan şəhər parkının xiyabanlarında gəzişərdilər. “Şərqi-Rus”a göndərdiyim ilk məktubun mövzusu bu gəzintilərdən birinə aiddi. İçərişəhərin milli hakimiyyət çağlarından qalan köhnə surlarının dibindəki xiyabanı aşağı-yuxarı ayaq sürtərək gəzən kişili-qadınlı seyrçilər arasında yerlilərdən bəzi tanışlarımın, bir sözlə, tanıdığım məktəbli azərbaycanlıların, o zamankı təbirlə müsəlmanların öz aralarında ana dilləri olan türkcə deyil, rusca danışmaları tərəfimdən tənqid olunur, pis ruscalarını daha yaxşı bilmələri gərəkli olan ana dillərinə dəyişmələri eyiblənirdi... Tiflis poçtunu böyük maraqla gözləyirdim. Nəhayət, gözüm böyük sevinclə “Bakıdan məktub” başlığına ilişdi. Məqaləmiz dərc olunmuşdu. Təkcə dərc edilməmiş, üstəlik idarədən təqdir və təşviqə səbəb olmuşdu. Müdir qəzetini təsis edərkən ən çox yüksək təhsil almış münəvvərlərin yardımını ummuş ikən, gözləmədiyi bir yandan gənclərdən və milli münəvvərlərdən hərarətli bir diqqət gördüyünü sevinclə qeyd etdikdən sonra bizim yazını tərifləyir və üzərində dayandığımız mövzunu da xüsusilə təqdir edirdi.
Bu, mənim dərc edilmiş ilk məqaləmdi!...”
Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə Buxarestdə yazdığı “İlk məqaləm” adlı xatirəsində o illəri bu şəkildə xatırlayırdı.
Əlbəttə ki, o zaman mühərrir olmaq arzusunda olan 19 yaşlı gəncin ağlına gəlməzdi ki, yarım əsr sonra İstanbulda onun mətbuat həyatının 50-ci ildönümü təntənəli şəkildə qeyd olunacaq.
***
1947-ci ildə yenidən Türkiyəyə qayıdan Rəsulzadə, demək olar ki, 1903-cü ildən etibarən heç bir şəkildə dayandırmadığı mətbu fəaliyyətini “Azərbaycan” dərgisini (1952-ci il) çıxarmaqla davam etdirir. O illərdə Türkiyədə maraqlı bir ənənə varmış: Mətbuat həyatında 50 ili başa vuran şəxslərə birlikdə yubiley tədbiri keçirmək. 1943 və 1948-ci illərdə iki dəfə belə tədbir keçirilmişdi. İndi isə üçüncüsü baş tutacaqdı.
1953-cü il may ayının 30-da, saat 15:30-da Türk Basın Birliyi Dərnəyi İstanbul Universitetinin Fənn fakültəsinin konfrans salonunda “Mətbuat həyatında 50 il” başlıqlı yubiley tədbiri keçirir. Tədbirlə bağlı hazırlanan broşuradan aydın olur ki, açılış nitqini Türkiyənin Təhsil naziri Rıfkı Salim Burçak edib. Ardınca Türk Basın Birliyi Dərnəyinin sədri Hakkı Tarık Us danışıb, yubileyin simalarından bəhs edib. Daha sonra İstanbul Universitetinin rektoru ord.professor Kazım İsmail Gürkan, Mətbuat-Yayın və Turizm genəl müdiri Halim Alyot, ilk yubiley tədbiri keçirilənlərdən İbnüləmin Mahmud Kamal İnal və Kirkor Kömürcan, ikinci yubileydən xanım Yaşar Nezibe və Selim Sırrı Tarcan çıxış ediblər. Həmçinin həmin gün yubileyi keçirilənlərdən Halide Edib Adıvar və Hamdullah Suphi Tanrıöver kimi Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamış şəxslər nitq söyləyiblər.
Broşurada 1943-cü ildə keçirilən yubileydən foto və məlumatlar dərc olunub, növbəti səhifədə isə 1953-cü ildə yubileyi keçirilən 45 şəxsin adı, əsərlərinin adı və şəkilləri dərc olunub.
Yubileylə bağlı digər bir nəşr M.Faruk Gürtuncanın “50 illik qələm böyükləri” adlı uzun şeirdən ibarət kitabçasıdır. Şeirdə yubileyi keçirilənlərin adları çəkilib:
“Ağ saçlı Ziya Şakir, Rəsulzadə Əmin bəy
Biri azəri öndər, biri tarixdə hər şey”.
Həmin gün Rəsulzadə ilə birgə yubileyi keçirilən iki şəxs onun ən yaxın silahdaşları olublar: Türk Ocaqlarının başqanı, Türkiyənin Rumıniyadakı səfiri, daim Rəsulzadəyə himayədarlıq edən Hamdullah Suphi Tanrıöver və İdil-Ural türklərinin liderlərindən, Rəsulzadənin Bakıdan və Finlandiyadan başlayan, İstanbulda davam edən dostluq münasibəti olduğu Abdullah Battal Taymas.
Taymas 18 aprel 1955-ci ildə Ankara Türk Ocağında Rəsulzadə ilə bağlı konfransında bildirib: “Məhəmmədəmin bəy 1953-cü ildə ədəbi ömrünün 50-ci ilini idrak etmiş bulunurdu. Həmin ilin may ayının sonlarında 50 illik yazarlar üçün tərtib edilən törəndə onunla yan-yana oturmuşdum”.
Təkinərin məqaləsi
Türk Basın Birliyi Dərnəyinin keçirdiyi bu tədbir haqqında ən geniş yazı isə Rəsulzadənin gənc silahdaşı Süleyman Təkinərə məxsusdur. Təkinər “Mətbuat həyatında 50 il” adlı məqaləsində yazır: “Yubileyi keçirilənlərin siyahısında məşhur redaktor qismində fəaliyyəti Şərqin üç mühüm mərkəzi – Bakı, Tehran və İstanbulda keçən, Azərbaycanın olduğu qədər Qafqazın də məşhur ictimai-siyasi xadimi, hörmətli Məhəmmədəmin Rəsulzadənin adı da mövcuddur. Yubiley böyük bir təntənə ilə keçirildi. 800 adamı toplayan universitet salonu Mətbuat Birliyinin özəl dəvəti ilə gələn seçkin bir dinləyici kütləsi tərəfindən dolmuşdu. Dəvət olunanlar arasında nazirlər, deputatlar, professorlar, yüksək rütbəli məmurlar, hər hər sinif və ixtisasdan olan ziyalılar, mətbuat təmsilçiləri, müəllimlər, tələbələr, müxtəlif elm və mədəniyyət müəssisələrinin, dərnəklərinin təmsilçiləri və s. vardı. Saat tam 15.30-da yubiley mərasimi türk hərbi orkestrinin çaldığı İstiqlal marşının ayaq üstə dinlənilməsi ilə başladı”.
Təkinər məqaləsində Hakkı Tarık Usun söylədiyi Rəsulzadə ilə bağlı yüksək fikirləri olduğu kimi qeyd edib: “Rəsulzadə bu gün Azərbaycan tarixinin inkişafını yazır və Türk Ensiklopediyası üçün çalışır, fəqət içində bir səs, hələ 1907-ci ildə yazdığı şeirin bir parçasını təkrarlamaqdadır:
Çəkilməm ey hərifan, mən
Bu meydan-i şəcaətdən
Bütün aləm mənə deyərkən
Çəkil bir yana, sakitləş”.
Qeyd edilən səs
Təkinər məqaləsində qeyd edir ki, Mətbuat Birliyinin arxivində mühafizə edilmək üçün yubilyarların səsləri mikrofona yazılıb:
“Bu mikrofon iki gün sonra yubilyarların əsərlərindən ibarət sərginin açılması münasibəti ilə sərgiyə gələnlərin qarşısında səsləndirilmişdir. Əmin bəyin mikrofona yazılan sözlərini burada eyni ilə veririk: “Bundan əlli il öncə, 1903-cü ildə Qafqazda nəşr olunan ilk məqaləmdə türk şagirdlərinin öz aralarında rusca danışmalarını tənqid etmişdim. O gündən bu günə qədər keçən jurnalistlik həyatım bu fikri davamlı surətdə müdafiəsinə həsr edilmişdir. Bu gün əməkdar türk jurnalisti kimi burada – müstəqil Türkiyə Cümhuriyyətində anılmaqdan duyduğum sevinci şükürlə izhar edərkən, zehnimin orada, milli qurtuluşunu gözləyən Azərbaycanda və Qafqazda olduğunu gizlətmək istəmərəm”.
Təkinər yubileylə bağlı keçirilən sərgidə Rəsulzadənin üstünlüyündən də bəhs edib: “Yubilyarların əsərlərinin sərgisində Əmin bəy Rəsulzadəyə ayrılan hissə ən çox kitabı olanlardan idi. Burada yalnız kitablar, broşürlər və qismən də jurnallar sərgilənmişdir”.
Beləliklə, Rəsulzadənin mətbuat həyatındakı 50-ci ili Türkiyədə önəmli bir tədbirdə qeyd olunub. Ümid edirik ki, həmin gün qeyd edilən səs yazısı bir gün tapılacaqdır.
Qaynaq: