İtaliyanın “Notizie geoplotiche” saytında “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi ilə bağlı yerləşdirilən yazıda bu layihənin geostrateji əhəmiyyəti, İtaliyanın enerji bazarının inkişafı üçün nə qədər önəmli olması təhlil edilir.
Teleqraf.com-un məlumatına görə, məqalədə Azərbaycanın “Şahdəniz” yatağından təbii qazı Avropa bazarına daşıyacaq boru kəmərinin inşası ilə ildə 10 milyard kubmetr qazın bu qitəyə daşınacağı, gələcəkdə həmin rəqəmin 20 milyarda çatdırılmasının gözlənildiyi bildirilir.
Müəllif “Enagás” şirkətinin 16 faizlik payla yeni səhmdar qismində TAP-a qoşulmasının layihənin əhəmiyyətini bir daha sübut etdiyini diqqətə çatdırır. Yazıda TAP-ın İtaliya üzrə nümayəndəliyinin rəhbəri Campaolo Russoya istinadən boru kəmərinin keçəcəyi ərazilərin inkişaf edəcəyi diqqətə çatdırılır.