22 Sentyabr 00:42
787

Ermənistan cəbhədə ardıcıl təxribatlar törədmək də davam edir.

Teleqraf.com-un məlumatına görə, daha bir erməni təxribatı nəticəsində sentyabrın 21-də saat 09:20 radələrində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

İri yaşayış məntəqələrini və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin "hərbi hədəf" kimi göstərməkdən çəkinməyən Paşinyan hakimiyyəti növbəti təxribatçı planlar hazırlayır. Görünən odur ki, Paşinyan Günnüt əməliyyatı, Tovuz hadisələri zamanı aldığı məğlubiyyətlərin əvəzini çıxmağa çalışır. Digər bir yandan Paşinyan Qarabağda yeni savaş başlatmaqla Ermənistanda olan ictimai narazılıqdan da xilas olmağı planlaşdırır.

Regiondakı bütün beynəlxalq layihələrdən kənarda qaldığını anlayan Ermənistan hakmiyyəti regionda sülhün olmasında maraqlı deyil.

Trend-ə açıqlamasında amerikalı ekspert Piter Teys bildirib ki, Ermənistanın müdafiə naziri David Tonoyanın təhrikedici açıqlamaları və beynəlxalq ictimaiyyəti çaşdıran ifadələri onsuz da gərgin olan vəziyyəti çətinləşdirir. Ermənistan kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. KTMT haqqında Sazişin əsas hissəsi olan 4-cü maddədə qeyd olunur ki, üzv dövlətlərdən biri təcavüzə məruz qalarsa, bu digər üzv dövlətlər tərəfindən Sazişin bütün üzv dövlətlərinə təcavüz kimi qəbul olunacaq. Amma Ermənistan-Azərbaycan münaqişəsində təcavüzkar tərəf Ermənistandır. Bu ölkə son otuz il ərzində azərbaycanlılara qarşı amansızcasına etnik təmizləmə kampaniyası keçirməklə bütün beynəlxalq müqavilələri və humanitar qanunları pozur:

"Susqunluq uğurun formulu deyil, əksinə, silahlı münaqişəni qayıtmama nöqtəsinədək gərginləşdirir. İndi Ermənistana hər cür siyasi təzyiqin göstərilməsinin vaxtıdır. Avropa Şurasının Nazirlər Komitəsi Ermənistanda hərbi-siyasi vəziyyəti diqqətlə nəzərdən keçirməli və Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla tənzimlənməsi ilə bağlı təşəbbüsü üzərinə götürməlidir. 24 noyabr 2017-ci ildə Ermənistanla Avropa İttifaqı arasında imzalanmış hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq barədə saziş Tonoyan və digər nazirlərin sülh mövqeyini tutmasınadək dayandırılmalıdır".

Ərəb araşdırmaçı jurnalist, Cənubi Qafqaz üzrə ekspert Əbdül-Həmid Qutub isə Trend-ə açıqlamasında bildirib ki, Paşinyanın yeni müharibəyə hazırlaşmasını sübut edən faktlardan birincisi də Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə yaxşı təlim keçmiş erməni silahlılarını köçürməsidir:

"Təxminən bütün Livan erməniləri hərb işini yaxşı öyrənib və sirr deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmüş "ailələr" arasında dəstələr yaratmaq, şəhər və dağ landşaftı şəraitində döyüş əməliyyatları keçirmək bacarıqlarına malik təcrübəli erməni silahlılarının sayı az deyil.

Bu barədə az adam yazsa da, Azərbaycanın işğal olunmuş ərazilərinə ermənilər təkcə Livan və Suriyadan köçürülmür: "Vaxtilə Misir ermənilərinin də Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi hazırlıq keçməsi barədə sənədli faktlar mövcuddur".

ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza isə beləhesab edir ki, Ermənistan hökuməti təkcə "Qarabağ Ermənistandır" kimi fikirlər deyil, həm də Azərbaycana qarşı mümkün hərbi əməliyyatlar barədə də çox təxribatçı bəyanatlar səsləndirir:

"Bu, əlbəttə ki, Ermənistanın ATƏT Minsk qrupu çərçivəsində beynəlxalq səviyyədə qəbul olunmuş öhdəliklərinə ziddir. Bu, sadəcə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hansısa ümidsizliyi əks etdirir. Paşinyanın təxribatçı bəyanatlarına senytabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev çox kəskin cavab verdi. Rusiya KİV-ləri Prezident İlham Əliyevin açıqlamalarını yayımlayıb, amma Ermənistan tərəfinin cavabını dərc etməyib ki, bu da qeyri-adi haldır. Hesab edirəm ki, Rusiya Ermənistanın addımlarının qəbuledilməz olduğu və bu gün danışıqlar çərçivəsindən çıxdığı ilə razılaşır".


Müəllif: Teleqraf.com