“Rossiya-onlayn” internet nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının videoformat rejimində keçirilmiş 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı barədə informasiya dərc edilib.
Teleqraf.com xəbər verir ki, nəşrin yazdığına görə, Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının nümayəndələri qarşısında çıxışında müasir şərait nəzərə alınmaqla beynəlxalq təşkilatlarda islahatlar aparılmasını; BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini, qaçqınların doğma yurdlarına qaytarılmasına nail olmağı və COVID-19-a qarşı vaksinin ədalətli bölüşdülüməsinin təmin edə bilən mexanizm tətbiq olunmasını təklif edib.
Materilda deyilir: “Azərbaycan Prezidenti xatırladıb ki, Azərbaycan ərazisinin beşdə bir hissəsi otuz ilə yaxındır Ermənistan tərəfindən işğal edilib. İ.Əliyev deyib: “Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi qüvvə tətbiq edib, Dağlıq Qarabağı və Azərbaycanın daha yeddi rayonunu işğal edib. Bir milyondan çox azərbaycanlı qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb”. O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin bu qətnamələr yerinə yetirilmir”.
Nəşrdə vurğulanır ki, Azərbaycan dövlətinin başçısı Ermənistanı işğal olunmuş ərazilərdə qeyri-qanuni məskənlər yaratmaqda, Azərbaycan xalqının mədəni irsini məhv etməkdə, habelə orada faydalı qazıntıları qeyri-qanuni çıxarmaqda və dünya bazarlarında satmaqda ittiham edib. İ.Əliyev xəbərdarlıq edərək deyib: “Əgər Azərbaycanın təbii resurslarından qeyri-qanuni istifadə edən beynəlxalq şirkətlər bu fəaliyyəti dayandırmasalar, onlar hüquqi məsuliyyət daşımalı olacaqlar”.
Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayan mülki Azərbaycan əhalisinə bilərəkdən zərbələr vurur. O xatırladıb ki, bu il iyul ayında Azərbaycanın Tovuz şəhəri yaxınlığında törədilmiş sonuncu insident nəticəsində insanlar həlak olub, mülki infrastruktur obyektləri dağıdılıb.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycan ərazisinə, o cümlədən Mingəçevir su anbarına və Səngəçalda onlarca ölkənin enerji təhlükəsizliyi təmin edən iri terminala yeni hücumlar etməyə hazırlaşır.
Prezident İlham Əliyev Ermənistanın işğalçı siyasəti ilə bağlı çətinliklərə baxmayaraq Azərbaycanda sabit, müasir, demokratik və multikultural dövlət yaradılması sahəsində uğurlar, son 17 ildə ölkə iqtisadiyyatının sürətli inkişafı, COVID-19-a qarşı mübarizə üzrə aparılan işlər barədə də söhbət açıb.