30 Sentyabr 2020 18:46
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-dən başlayaraq Ermənistan-Azərbaycan münaqişəsində hərbi toqquşmalar yenidən alovlanıb. Bu dəfə də Ermənistan tərəfi növbəti təxribata əl ataraq yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutdu. Azərbaycan vəziyyətə uyğun adekvat tədbirlər gördü və düşmən mövqelərini susdurmaq üçün əks-hücum əməliyyatına başladı.

Qısa müddət ərzində düşmən mövqeləri darmadağın edildi, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndləri, həmçinin bəzi yüksəkliklər işğaldan azad olundu. Düşməni yerinə oturdan Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir. Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Ordumuz cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur.

Xalqın maraqlarına söykənən praqmatik siyasət

Hər bir ölkənin milli maraqlarının təmin olunması onun həm daxili, həm də xarici siyasətinin başlıca prioriteti olmalıdır. Həmçinin milli maraqlar bu iki istiqamət üzrə aparılan siyasətdə birləşdirici amil kimi çıxış etməlidir.

Azərbaycanın müstəqilliyinin, xalqımızın milli maraqlarının təminatçısı olan Prezident İlham Əliyev hər zaman bəyan edir ki, Azərbaycanın xarici siyasəti məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, xarici siyasət də həmin istiqamətdə qurulur. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də dövlətimizin başçısının mövqeyi, iradəsi hər kəsə bəllidir. Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişə birmənalı olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalı, düşmən işğal etdiyi bütün torpaqlardan çıxarılmalıdır. Bu mövqe tam şəkildə xalqın maraqlarını ifadə edir. “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirilən bu fikirlər bir daha yuxarıda qeyd etdiklərimizin təsdiqidir.

Azərbaycan uzun illərdir münaqişənin danışıqlar masası arxasında aparılması istiqamətində səylərini davam etdirir və səmərəli, məntiqi nəticəsi olacaq danışıqlar prosesinin tərəfdarı olduğunu ən yüksək səviyyədə bəyan edib, danışıqlar prosesinə sadiqliyini nümayiş etdirib.

Lakin Ermənistan tərəfi beynəlxalq münasibətlər sistemini yaradan və onu tənzimləyən vasitə olan beynəlxalq hüquqa məhəl qoymur və açıq-aşkar şəkildə işğalçılıq siyasətini davam etdirir. Qarşı tərəf nəzərə almalıdır ki, beynəlxalq hüquq beynəlxalq münasibətlərdə ədaləti təmin etməlidir. Haqq-ədalət isə Azərbaycanın tərəfindədir.

Heç bir gücə, heç bir məntiqə əsaslanmayan bəyanatlar verən, cəbhə xəttində təxribatlar törədən, Azərbaycanın yaşayış məntəqələrini atəşə tutan, danışıqlar prosesini pozan Ermənistan və onun rəhbərliyi anlamalı idi ki, bir gün mütləq Azərbaycan xalqının səbir kasası dolacaq və haqq-ədalət bərpa olunacaq. “Qarabağ Ermənistandır və nöqtə” deyərək yeni torpaqlar işğal etməyə hazırlaşdıqlarını açıqlayan Paşinyan və onun hakimiyyəti bu gün döyüş meydanından qaçaraq beynəlxalq ictimaiyyətdən yadım dilənir. Lakin artıq dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar da Paşinyanın, onun hakimiyyətinin yalanlarından bezib. Xəyalpərəst Paşinyan Şuşada yallı gedəndə, separatçı rejimin qondarma “prezidentinin” andiçmə mərasimində iştirak edəndə, “Qarabağ Ermənistandır” deyəndə onu bu günlərin də gözlədiyini bilməli idi. Bu səbəbdəndir ki, primitiv düşüncəli Paşinyanın nə irəli sürdüyü təşəbbüslər, nə də verdiyi bəyanatlar beynəlxalq ictimaiyyət tərəfindən heç bir dəstək almayacaq.

Tam əminik ki, hakimiyyətinə demokratik don geyindirməyə çalışan Paşinyanın bir milyondan çox azərbaycanlı məcburi köçkünün hüquqlarını görməzdən gələrək yürütdüyü siyasət iflasa məhkumdur və son təxribatlar onun süqutunu daha da tezləşdirəcək.

Xalq-Prezident birliyi tarixi zəfərin əsas təminatçısıdır

Deyə bilərik ki, illərdir xalq-Prezident birliyi təməli üzərində möhkəmlənən, milli maraqlara söykənən siyasi kurs bu gün məntiqi nəticəsini verməkdədir.

Son hadisələr göstərir ki, xalqımız taleyüklü məsələlərdə birlik nümayiş etdirməyə, müstəqilliyimiz, suverenliyimiz uğrunda mübarizə aparmağa qadirdir. Ordumuz qısa müddət ərzində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, mühüm yüksəklikləri işğaldan azad etdi. Bu gün də torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda döyüşlər davam edir. Uzun illər ərzində işğal etdiyi ərazilərimizdə mövqelərini möhkəmləndirən düşmənlə döyüşlərdə Ordumuzun göstərdiyi rəşadət, torpaqlarımızın azad edilməsi istiqamətində həyata keçirilən döyüşlər, qazanılan uğurlar hər bir azərbaycanlını ruhlandırır və daha böyük uğurlara həvəsləndirir.

Hələ Aprel döyüşləri və Tovuz hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi birlik bir daha hər kəsdə əminlik yaradıb ki, məcburi köçkünlərimiz öz əzəli torpaqlarına mütləq geri qayıdacaqlar. Son erməni təxribatlarından sonra Böyük qayıdışın reallaşması üçün ciddi zəmin yarandı. Prezident İlham Əliyevin xalqa müraciəti, hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsindən sonra insanların böyük əhval-ruhiyyə ilə döyüş meydanına yollanması, Ali Baş Komandana ünvanlanan çoxsaylı müraciətlər bir daha göstərir ki, Azərbaycan xalqının vətənpərvərlik hissi ən yüksək səviyyədədir.

Böyük iqtisadi imkanlara, möhkəm beynəlxalq mövqeyə, güclü orduya malik Azərbaycan tarixi ədaləti bərpa etmək əzmindədir. Düşmən isə hər zaman olduğu kimi, yanlış informasiyalar yayır, əhalisini aldatmağa, itkilərini gizlətməyə cəhd edir. Əlbəttə ki, yalanın ömrü uzun olmur, gec-tez bütün həqiqət bütün dünyaya, eləcə də erməni əhalisinə məlum olacaq.

Ermənistanın dinc əhaliyə xain hücumları, ermənilərin faşist xislətinin növbəti təzahürü

Ağır artilleriyadan dinc sakinlərə atəş açmaq, dağıntılar törətmək, infrastruktura ziyan vurmaq... Bütün bunlar ermənilərin faşist xislətinin mahiyyətini təşkil edir. Məhz sentyabrın 27-də səhər saatlarından başlayaraq cəbhəboyu yaşayış məntəqələrimizin ağır artilleriyadan atəşə tutulması ilə müşahidə olunan bu xain hücum da düşmənin əsl üzünü bir daha göstərdi.

Sonrakı günlərdə də ermənilər iyrənc əməllərindən əl çəkmədilər. Naftalanda, Tərtərdə, Ağdamda, Daşkəsəndə və digər cəbhəyanı bölgələrdə yerləşən yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində ümumilikdə 14 dinc sakin qətlə yetirilib, 46 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Onların arasında bir ailənin beş üzvü, uşaqların, yaşlılar da var.

Bundan əlavə, mülki obyektlərin atəşə tutulması nəticəsində 116 yaşayış evi, 26 mülki obyekt yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Lakin bütün bunlar xalqımızı, xüsusən cəbhə bölgəsi ərazilərdə məskunlaşan əhalimizi qətiyyən narahat etmir. Çünki onların Azərbaycan Prezidentinə, Ordumuza inamı sonsuzdur. Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən Silahlı Qüvvələrimiz də tarixi zəfər yolunda inamla irəliləyir. Düşməni işğal altında olan torpaqlarımızdan təmizləmək əmrini icra edən Ordumuz xalqımızı yeni-yeni qələbələrlə sevindirir. Qələbə bizim olacaq.

Əsəd Məmmədov

AZƏRTAC-ın redaksiya müdiri


Müəllif: Teleqraf.com