Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi yeni təcavüz aktı və münaqişə ətrafında yaranmış vəziyyətlə əlaqədar Britaniyanın aparıcı KİV-ləri, o cümlədən BBC, “Teleqraf”, “Ze Qardian ” qəzetlərinin müxbirləri, eləcə də britaniyalı deputatlar və münaqişə üzrə ekspertlərin iştirakı ilə videobrifinq keçirib.
Teleqraf.com xəbər verir ki, brifinq zamanı səfir Ermənistanın sentyabrın 27-dən başlayaraq ölkəmizə qarşı növbəti hərbi təxribatı və hücumları, Azərbaycanın mülki əhalisini və mülki obyektlərini qəsdən hədəfə alması, bu təxribatın nəticələri haqqında ətraflı məlumat verib.
Diplomat BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə, habelə Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təsisatların çoxsaylı sənədlərinə baxmayaraq, rəsmi Yerevanın işğalçılıq siyasətini bu günə qədər davam etdirdiyini deyib.
Tahir Tağızadə çıxışında Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanındığını və hərbi əməliyyatların məhz Azərbaycan ərazisində aparıldığını bildirib. O söyləyib ki, Azərbaycanın məqsədi ərazilərdə etnik təmizləmə həyata keçirmək deyil, regiondakı xalqların sülh şəraitində yaşamasıdır.
Brifinqdə səfir Azərbaycanın özünün peşəkar və yaxşı təchiz olunmuş Silahlı Qüvvələrinin olduğunu, başqa ölkənin yardımına ehtiyac duymadığını da bildirib.
Qeyd edilib ki, lakin Livan və Suriyadan Dağlıq Qarabağa erməni muzdluların və terrorçuların gətirildiyini göstərən videolar mövcuddur.
Səfir söyləyib ki, ermənilər Cenevrə Konvensiyası ilə üzərilərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub. Nəticədə 19 nəfər həyatını itirib ki, onlardan 2-si körpədir, 55 nəfər isə ağır yaralanıb”.