Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində bildirib.
Müraciətdə deyilir: “Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır”.