Türk iqtisadçı, professor Gürkan Kumbaroğlu erməni ordusunun Bakı-Tiflis-Ceyhan Neft Boru Kəmərini (BTC) hədəf almasını “qlobal təhdid” adlandırıb.
Teleqraf.com xəbər verir ki, professor BTC-nin Yevlaxdan keçən hissəsinə qarşı hücumun qlobal nəticələrinin olacağını istisna etməyib.
2019-cu ildə BTC boru kəməri ilə Bakıdan Ceyhana 233 milyon barel neft nəql olunduğu deyən Kumbaroğlu bildirib:
“Bir barreli 40 dollar hesablasaq, ümumilikdə 9.3 milyard dollar neft nəql edilib. Burada diqqət mərkəzində olan əsas məsələ bölgədə beynəlxalq şirkətlərin əməkdaşlığıdır. BTC boru kəməri vasitəsilə neft nəql olunan yataqda ingilis şirkəti BP-nin 30 faizlik payı var.
Səhmdarlar arasında Azərbaycandan SOCAR-la yanaşı, Türkiyənin “Türkiye Petrolleri”, Norveçin “Equinor”, ABŞ-ın “Exxon”, Yaponiyanın “Inpex”, Macarıstanın “MOL”, İtaliyanın “ENI” və Hindistanın “ONGC” şirkətləri var. Boru kəmərinə hücum bu şirkətlərin investisiyaları üçün böyük təhlükədir. Digər tərəfdən, BTC-nin keçdiyi Gürcüstanın aldığı tranzit haqları və Ceyhandan neft alan ölkələrin enerji təchizatı təhlükəsizliyi üçün son dərəcə əhəmiyyətli bir təhdiddir”.
Gürkan Kumbaroğlu hücum təşəbbüsünün “Ermənistanın qlobal enerji təminatının kritik bir nöqtəsini qəsdən hədəf alması” kimi qəbul edilməli olduğunu, bu ölkələrin birgə hərəkət etməli olduğunu, habelə enerji tədarükünü ən yüksək səviyyədə qorumaq üçün təşəbbüslər göstərə biləcəyini söyləyib.