Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bögəsindən kənarda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutması nəticəsində dinc əhali arasında baş vermiş ölüm, yaralanma halları və mülki obyektlərin dağıntılara məruz qalmasına dair növbəti etiraz bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, bəyanatda deyilir:
"Təcavüzkar siyasətindən, müharibə cinayətlərindən və insanlıq əleyihə yönəlmiş çirkin əməllərdən əl çəkməyən işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutmaqda davam edir.
Acı təəssüf hissi ilə bəyan edirik ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyektləri olan, əhalinin sıx məskunlaşdığı Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutmuşdur. Nəticədə içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı binada 9 nəfər həlak olmuş, 34 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir. Dağıntılar altında hələ də insanlar qalmışdır.
Beynəlxalq humanitar hüquq normaları, Cenevrə konvensiyaları hərbi əməliyyatların gedişində kombatantların və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini əsas prinsip kimi tələb etdiyi halda, Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini və region üçün stateji əhəmiyyətli Mingəçevir şəhərini və digər yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raketlərdən istifadə etməklə mütəmadi olaraq atəşə məruz qoyması onun beynəlxalq hüququn tələblərini tanımadığını, ona saymazyana münasibət göstərdiyini bir daha sübut edir.
Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövlətinin 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının, Uşaq hüquqları Konvesiyasının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarını kobud şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirməsi nüfuzlu beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən pislənilməli və Ermənistana qarşı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ciddi ölçü götürülməlidir.
Təcili olaraq nüfuzlu beynəlxalq təşkilatları və dünya dövlətlərini beynəlxalq hüquququn norma və prinsiplərinin kütləvi və kobud şəkildə pozulması ilə qəsdən törədilmiş və mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən müharibə cinayətlərini törətməkdə davam edən işğalçı Ermənistan Respublikasından Azərbaycan Respublikasının mülki əhalisinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, beləliklə də insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan müharibə cinayətlərinə son qoymağı və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmağı tələb edirik".
Bəyanat BMT Baş Katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.