Stokholmun Segel Torg Meydanında Azərbaycanlıların aksiyası keçirilib.
Teleqraf.com xəbər verir ki, 17 oktyabrda İsveçdə yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulması tələbi ilə aksiya təşkil ediblər və yerli ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırıblar. Aksiyada çıxış edən tanınmış mühəndis, əhəmiyyətli enerji layihələrinin meneceri, soydaşımız Şamil Mehdiyev yerli ictimatiyyətə baş verənlər haqqında danışıb.
"Heç bir açarın uyğun gəlmədiyi qapını sadəcə səbr açar" deyərək, İsveç atalar sözü ilə çıxışına başlayan Şamil Mehdiyev qeyd edib ki, 30 ildir Azərbaycan səbr edib: “Ermənistan ordusunun uşaqları və qadınları öldürdüyü və bir milyona yaxın azərbaycanlını Qarabağdan qovduğu zaman bir çox azərbaycanlı zülmə məruz qalıb. 90-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilərkən mən də məcburi köçkün həyatı yaşamağa məcbur edilən 1 milyon insanın arasında idik. Atam məni, anamı - maşına sığa bilən az adamı götürüb hamımızı bu terrorçulardan qurtarmaq ümidi ilə Qubadlı-Zəngilan bölgəsindən məcburi köçkün salınanda 3 aylıq idim. Əvvəlki il, 26 fevral 1992-ci il tarixdə bu erməni terrorçuları, 63 uşaq və 106 qadın olmaqla Xocalıda 613 dinc sakin qətlə yetirmişdi. Bir gecədə 63 uşaq! Bu gün hamımız bir gecədə 63 uşağı öldürə biləcək bir düşüncəyə qarşı birləşmişik”.
Daha sonra İsveç ictimaiyyətinə Ermənistanın aparadığı təcavüzkar siyasət və Gəncədə dinc əhalini hədəfə alması haqqında məlumat verilib. Gəncə şəhərinin Azərbaycanın ikinci ən böyük şəhəri olması və cəbhədən 100 km-dən çox məsafədə yerləşdiyi, Ermənistanın barbar xisləti ilə sivil dünya ilə uzlaşmayan mövqedə olduğuna dair sübutlar nümayiş etdirilmişdir: “Bu münaqişədə haqqlı tərəf Azərbaycandır. Biz bütün zalımlara qarşı birləşmişik və bu uşaq qatillərinə qarşı birləşmişik, ədalət tərəfdarıyıq və özümüzün olan torpaqlarımızı tələb edirik. Qarabağ Azərbaycandır!”