Azərbaycan Ordusunun Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində apardığı hərbi əməliyyatların hər birinin özünün sosial-iqtisadi, taktiki-strateji və hərbi əhəmiyyəti var. Lakin Füzuli-Cəbrayl istiqamətində aparılan əməliyyatların və nəticədə Xudafərin kimi tarixi-strateji körpülərin ələ keçirilməsinin, işğaldan azad olunmasının özünün ayrıca bir məzmunu, əhəmiyyəti var.
Bunu Teleqraf.com saytına açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirib.
O qeyd edib ki, bu hadisənin, yəni tarixi Xudafərin körpülərinin azad olunmasının hər şeydən əvvəl mənəvi-ideoloji əhəmiyyəti var:
“O mənada ki tarixən, az qala min ilə yaxın bir müddət ərzində Azərbaycan xalqının mənəvi dəyərlərindən və simvollarından olan Xudafərin körpülərinin düşmən işğalı altında qalması bütün hallarda xalqı incidirdi. Onun geri qaytarılması bir tarixi simvol olaraq xalqın ürəyincədir. İkincisi, Xudafərin körpülərinin təkcə iki ölkə – İran və Azərbaycan arasında yox, ümumən Avrasiya məkanında yeni nəqliyyat-logistika, ticarət və iqtisadi investisiya əməkdaşlıqlarının meydana çıxmasına və möhkəmlənməsinə öz böyük təsirini göstərəcəkdir”.
Aydın Quliyev deyib ki, Xudafərin körpülərinin azad edilməsi illər boyu bu strateji əhəmiyyətli kommunikasiya vasitəsinin Ermənistanın əlində sadəcə olaraq əsir saxlanılması, onun bütün potensialının bağlı saxlanılması kimi yolverilməz bir vəziyyətə son qoydu:
“Əslində ermənilər onu girov saxlamışdılar. Ermənilər bu körpünün böyük ticarət, iqtisadi, investisiya və geosiyasi əhəmiyyətinin reallaşmasına qəti şəkildə imkan vermirdilər. Xudafərin körpülərinin azad olunması Azərbaycanın hərb tarixində və sosial-iqtisadi inkişaf tarixində öz böyük rolunu oynayacaq".
Qeyd edək ki, 2016-cı ilin fevralında Tehranda imzalanmış və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş saziş Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə yol açıb. Bu istiqamətdə də fikirlərini bölüşən ekspert deyib ki, saziş o zaman bir sıra siyasi opponentlərin anlamadan etdikləri hücumlara rəğmən hakimiyyətin nə qədər uzaqgörən siyasət apardığını bu gün bir daha ortaya qoyur:
"Eyni zamanda Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olması bir daha təsdiqləndi. Doğrudan da orada iki su elektrik stansiyasının və hidroqovşaqlarının tikilməsi o zaman siyasi opponentlərin dediyi kimi heç də dövlətə, milli mənafelərə xəyanət deyil, görünən və qarşıya qoyulan vəzifənin hələ 4 il əvvəl uğurla icra olunmasıdır. Bir daha qeyd etmək istərdim ki, həmin saziş bir uzaqgörən siyasətin elmentləri kimi ortada görünür. Dörd il əvvəl Xudafərində su elektrik stansiyalarının və hidroqovşaqlarının tikilməsi ilə bağlı İranla imzalanmış müqavilə həm də onun ifadəsi idi ki, Azərbaycan dövləti və hakimiyyəti torpaqların əbədi işğalda qalacağını heç bir halda yaxına buraxmır və sadəcə olaraq zaman çərçivəsində bu torpaqların azad olunacağına mütləq şəkildə inanırdı. Bu, bir daha sübut etdi ki, Azərbaycan dövlətinin və dövlət başçısının qarşısında həll olunması mümkün olmayan məsələ qoyulmur. Və o məsələlər ki, vəzifə kimi qarşıya qoyulur, demək onun həlli mümkündür. Xudafərin körpüləri ilə bağlı məsələ bunu bir daha sübut etdi”.