“Azərbaycan-Gürcüstan əlaqələri siyasi, iqtisadi, mədəni və humanitar istiqamətlərdə inkişaf edir”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib.
O bildirib ki, meqalayihələrin həyata keçirilməsində Azərbaycan Gürcüstanla strateji partnyordur:
“Azərbaycanla Gürcüstan birlikdə regionla yanaşı, daha geniş coğrafiyanın inkişafını şərtləndirən mühüm enerji və nəqliyyat layihələri reallaşdırıb. Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars kimi beynəlxalq boru kəmərləri xüsusi əhəmiyyətə malikdir. Bunlar Azərbaycanla Gürcüstan arasında yaxın qonşuluq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin mövcudluğunu ortaya qoyur”.
Deputat qeyd edib ki, Azərbaycan Gürcüstanda ən böyük investor və vergi ödəyicisindəndir: “Vaxtı ilə “SOCAR Georgia Petroleum” ölkənin ən böyük vergi ödəyicisi elan olunmuşdu. Şirkət Gürcüstanın dövlət büdcəsinə təxminən 78 milyon dollardan çox vergi ödəmişdi. Eyni zamanda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC də vaxtı ilə Gürcüstanda çox ciddi layihələr həyata keçirmişdi. Son vaxtlar SOCAR bir sıra humanitar və sosial layihələrin reallaşdırılmasında iştirak edir və ora investisiyalar qoyur”.
Arzu Nağıyev onu da qeyd edib ki, Gürcüstan çoxsaylı həmvətənlərimizin yaşadığı ölkədir: “Hesab edirəm ki, bizim hərtərəfli əlaqələrimiz mövcuddur və bu istiqamətdə inkişaf davam edir. İki ölkə arasında sərhədlərin tanınması və digər məsələlərə də gündəmdədir.
Son vaxtlar Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Gürcüstandan müvafiq açıqlamaların da şahidi olduq. Gürcüstan istər qurudan, istərsə də su yolu ilə Ermənistana silah daşınmalarının qarşısını alır. Bir sözlə, bu gün Azərbaycan Gürcüstanla ciddi problem yaşamır”.