27 Oktyabr 10:43
543

“Bizə bu cür əsassız ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində suriyalı muzdluların Azərbaycan tərəfində döyüşməsi ittihamı ilə bağlı sualı cavablandırarkən bildirib.

“Üstəlik, ilk dəfədir deyirəm, mən Fransa tərəfə müraciət etmişəm ki, müvafiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtandır”, - Prezident söyləyib.


Müəllif: Teleqraf.com