Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlərlə yaxından tanış olmaq və Azərbaycana dəstək ifadə etmək məqsədilə ölkəmizə gələn qazaxıstanlı politoloq, ekspert və jurnalistlərdən ibarət qrup Gəncə və Bərdə şəhərlərində səfərdə olublar.
Teleqraf.com xəbər verir ki, hər iki şəhərdə Ermənistanın xain terror hücumuna məruz qalan əraziləri ziyarət edib, ziyan dəymiş evlərə və ailələrə baş çəkiblər.
Gördükləri mənzərədən dəhşətə gəldiklərini bildirən qazax xalqının nümayəndələri, həm də terror nəticəsində həyatını itirmiş günahsız insanlar üçün açılan ehsan süfrəsinin ətrafında yerli gəncə və Bərdə sakinləri ilə söhbət edib, dərdlərinə şərik olublar.
Beynəlxalq Türk Akademiyası prezidentinin müşaviri Füzuli Məcidli, Altyınorda.kz saytının baş redaktoru Serik Maleyev, abai.kz portalının baş redaktoru Nurgeldi Usbanov, ea-news.kz portalının baş redaktoru Nurgali Jusipbay, bloqer Almas Altay, politoloqlar Asxat Kasenqali, Baurjan Serikbayev, Aman Mambetaliyev, Samat Nurtaza, İslam Kurayev, ictimai fəal Kuanış Edilxanov qeyd ediblər ki, dünya dinc əhaliyə qarşı, münaqişə zonasına aid olmayan dinc şəhərlərə qadağan olunmuş silahlardan edilən terrora biga ə qalmamalı, günahkarlar cəzasına çatmalıdırlar.
Qazaxıstanlı qonaqlar Azərbaycanın öz haqq savaşında qələbə qazanması münasibətilə təbriklərini çatdırıblar, Böyük Qələbəyə aparan çətin yolda qardaş qazax xalqının Azərbaycanın yanında olduğunu, mediada və sosial şəbəkələrdə böyük dəstək müşahidə edildiyini bildiriblər.
Qeyd edək ki, səfər Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunub.