Ermənistanın “Mediaport” saytı separatçıların başçısı Araik Arutyunyanın Rusiyaya gizli səfərinin eksklüziv görüntülərini yayımlayıb.
Teleqraf.com xəbər verir ki, saytın “Telegram-kanal”ı bu səfər zamanı çəkildiyi iddia olunan foto yayımlayıb.
“Fotoşəkil dünən, sübh çağı Moskvanın “Vnukovo” hava limanının şəxsi təyyarələr üçün nəzərdə tutulan terminalında çəkilib. Fotoda Araik Arutyunyanın yanındakılar qondarma “DQR”in Rusiyadakı “daimi nümayəndəsi” Albert Andryan və bildiyiniz kimi onunla birlikdə İrəvana qayıtmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahı başçısının müavini Aykaz Baqmanyandır”, – deyə bildirilib.
Xatırladaq ki, “Mediaport”un “Telegram-kanal”ı dünən Araik Arutyunyanın öz vəzifəsini qorumaq məqsədilə Rusiyanın paytaxtı Moskvaya gizli səfər etdiyinə dair məlumat yaymışdı.
Qeyd olunur ki, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın lobbiçilik etməsi yolu ilə müharibə günlərində həyat yoldaşına çox yaxın olan Samvel Babayanı “DQR”in rəhbəri vəzifəsinə gətirmək qərarına gəlib.
“Bu ssenarinin qarşısını almaq, kömək istəmək üçün Araik Arutyunyan Moskvaya gizli səfər edib və 25 noyabr tarixinə qədər orada qalmağı planlaşdırırdı, lakin “Mediaport”un bu barədə məlumat yaymasından sonra səfəri yarımçıq saxlayıb və “Cessna 525 Citation jet” özəl təyyarə ilə Ermənistana qayıdıb. Çarter uçuşunun dəyəri 25 min avro təşkil edib”, – məlumatda qeyd olunur.
Həmçinin, bildirilir ki, Araik Arutyunyan Moskvada olarkən onun mətbuat xidməti gizli səfəri ört-basdır etmək üçün Kaşataq rayonunda (qondarma “dqr”də bir neçə rayondan ibarət qondarma inzibati-ərazi vahidi) keçirilən köhnə görüş barədə məlumat yayımlayıb. Onun mətbuat katibi isə gün ərzində zənglərə cavab verməyib.