26 Noyabr 2020 16:05
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi Fransanın dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn əsas prinsiplərinə məhəl qoymamasının əyani sübutudur. Bu addım BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, dövlət sərhədlərinin tanınması, ərazi bütövlüyünün qorunması barədə "Jus cogens" normalarının tələblərinə də tamamilə ziddir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

Vitse-spiker qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan və Ermənistan ordusunun işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi mövcuddur:

"Bu qətnamələrin qəbulunda iştirak edən Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri də məhz Fransadır. Fransa bu 4 qətnamənin qəbul edilməsinə səs verib. Eyni zamanda, Fransa Ermənistanın təcavüzü nəticəsində baş vermiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yaradılmış ATƏT-in Minsk Qrupunun üzvüdür. Bütün bunlara baxmayaraq, Fransanın bu müddət ərzində heç bir mövqe ortaya qoymaması, əlavə olaraq da belə bir sənədin senat tərəfindən qəbul edilməsi onu deməyə əsas verir ki, Fransa heç bir zaman bu münaqişənin tənzimlənməsini istəməyib. Fransa bir vasitəçi olaraq üzərinə götürdüyü heç bir öhdəliyi icra etməyib. Senatın qəbul etdiyi sənədin mahiyyətcə tövsiyə xarakteri daşımasına baxmayaraq, bu, onu deməyə əsas verir ki, Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin senata güclü təsiri var. Yəni, Fransa “bərabərlik, qardaşlıq və azadlıq” ideyalarına yad olan qərarlar qəbul edir. Fransanın “Azadlıq” anlayışını illərlə Əlcəzair və digər Afrika ölkələrində yürütdüyü müstəmləkəçilik siyasətində görmək mümkündür. Fransanın öz mənfəəti qarşılığında bu dövlətlərin bütün təbii sərvətlərini talan etdiyini, vətəndaşlarına qarşı soyqırımılar törətdiyini bütün dünya bilir. İşğalçılıq, təcavüzkarlıq Fransa və Ermənistanın ortaq dəyərləri olaraq qəbul edilməlidir.

Onun sözlərinə görə, Fransa rəsmi olaraq dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:

"Fransa Respublikasının münaqişənin həlli ilə bağlı mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə prezidenti və Xarici işlər naziri tərəfindən dəfələrlə səsləndirilib. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb. Lakin, senatın belə bir sənəd qəbul etməsi, onu deməyə əsas verir ki, Fransa özünü Ermənistandan daha artıq erməni dövləti hesab edir. Fikrimizcə, bu məsələdə Fransa tərəfsiz olmalı, sülhün bərqərar olmasında Rusiya və Türkiyə kimi yaxından iştirak etməli idi. Ermənistan öz məğlubiyyətini qəbul edərək kapitulyasiyanı imzalayıb və bundan irəli gələn öhdəlikləri icra edir. İlkin olaraq Ağdam şəhəri və rayonun kəndlərini, dünən isə Kəlbəcər rayonunu təhvil verdi. Bu ərazilər Azərbaycan Ordusunun tam nəzarəti altındadır. Ermənistanın kapitulyasiya şərtlərini və beynəlxalq hüquqa uyğun olaraq üzərinə götürdüyü vəzifələri icra etdiyi bir vaxtda Fransanın belə bir sənəd qəbul etməsi, bunu deməyə əsas verir ki, Fransa münaqişənin tənzimlənməsində maraqlı olmayıb. Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması yaxşı olardı. Belə bir qətnamə qəbul edən ölkə, nəinki Azərbaycanla, digər dünya dövlətləri ilə də bərabər münasibət qura bilməz”.


Müəllif: Cavad

Oxşar xəbərlər