1 Dekabr 2020 17:55
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 1-də Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. 27 sentyabrdan başlayan 44 günlük müharibə Azərbaycanın döyüş meydanında tam qələbəsi ilə nəticələndi. Hərb meydanındakı qələbəmiz 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla siyasi müstəviyə daşındı. Bəyanat 9 bənddən ibarət idi. Bu bəndlərin böyük əksəriyyəti artıq təmin edilib. Bir güllə atmadan 3 rayonumuz işğaldan azad olundu, Ağdam, Kəlbəcər, Laçın Azərbaycana qaytarıldı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun fikrincə, Azərbaycanın siyasi meydandakı qələbəsi ölkəmizin bölgədəki rolunu daha da artıracaq.

Deputat qeyd edib ki, bu günə qədər ölkəmizin həyata keçirdiyi siyasi və iqtisadi fəaliyyət nəticəsində Ermənistan tam blokadaya alınıb: “İqtisadi layihələr Ermənistandan yan keçib. İllər ərzində Azərbaycan Ermənistanı bütün regional layihələrdən kənarda qoyub. Enerji daşıyıcıları məsələsində də Ermənistan tam təcrid olunub. Ermənistan bu illər ərazində işğala son qoyaraq konstruktiv yanaşma sərgiləsəydi bu layihələrdə onun da iştirakı labüd idi”.

Azər Badamov bildirib ki, bu gün uzun müddətli sülh prosesinə keçid başlanır: “Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib. Kommunikasiyaların açılması təmin olunur. 3 tərəfli razılaşmada həmçinin Zəngilan-Meğri-Naxçıvan dəhlizinin də istifadəyə verilməsi nəzərdə tutulur. Bu dəhlizin istifadəyə verilməsi Azərbaycanı Naxçıvanla quru yolla birləşdirəcək. Bu, yeni tranzit layihələrinin meydana gələməsini təmin edəcək. Layihənin icrası ilə Azərbaycan birbaşa qardaş Türkiyəyə çıxış qazanacaq. Ermənistan bundan sonra səmimi qonşuluq prinsiplərinə riayət edəcəyi təqdirdə onun bu kommunikasiyalardan yararlanması mümkün ola bilər”.

Deputatın fikrincə, quru və dəmir yolları vasitəsi ilə Türkiyə və Avropaya çıxışın təmin olunması regionda yeni imkanlar qazandıracaq: “Azərbaycan regional əməkdaşlığa üstünlük verib. Gələcəkdə regionda daha əlverişli mühitin yaradılması və bütün komunikasiyaların açılması ölkələrin potensial inkişafına töhfə verəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər