Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daim artmaqdadır. Bu, hər şeydən öncə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji xarici siyasət kursu və milli maraqlarla öz tərəfdaşlarının maraqlarını uzlaşdırma bacarığı ilə əlaqədardır.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, Azərbaycanın fəal və təşəbbüskar xarici siyasəti onun beynəlxalq münasibətlərdə nüfuzunu müəyyən etməklə yanaşı həm də iştirakçılığını təmin edir:
“Nəticədə Azərbaycan hazırda bir sıra beynəlxalq və regional təşkilatlara sədrlik edir. Bunların sırasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı da var. Biz hər iki təşkilatın 44 günlük Vətən Müharibəsində Azərbaycanı dəstəklədiyinin şahidi olduq. Hətta Qoşulmama Hərəkatına üzv olan bəzi ölkələrin dəstəyi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin bizim lehimizə olmayan qərar qəbul etməsinin belə qarşısını aldı. Türk Şurasının göstərdiyi dəstək isə müəyyən mənada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana mümkün dəstək verə bilmə ehtimalını əngəllədi. Çünki Türk Şurasına üzv olan iki ölkə (Qazaxıstan və Qırğız Respublikası) həm də KTMT-nin üzvləridir”.
Hikmət Babaoğlu bildirib ki, hazırda dünyada paralel müharibə, yaxud səssiz müharibə də getməkdədir:
“Bu, COVID-19 pandemiyasına qarşı müharibədir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi ümumbəşəri təhdid yaradan pandemiyaya qarşı mübarizədə səfərbərliyi təmin etmək üçün ilk təşəbbüslə çıxış edərək məsələni BMT-nin gündəminə gətirdi və bu təşəbbüs yüksək qiymətləndirildi. Məğlub edilmiş Ermənistandan başqa BMT-yə üzv olan dövlətlərin mütləq əksəriyyəti bu təşəbbüsü dəstəklədilər və dünyanın ən böyük universal təşkilatında bununla bağlı xüsusi sessiya çağırıldı.
Dekabrın 3-4-də BMT Baş Assambleyasının sədri Volkan Bozkırın rəhbərliyi ilə növbəti tədbir baş tutdu və assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 panemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə etdilər. Bu, əvvəlki sessiyada müzakirə olunan COVID-19-la mübarizə və hazırlanacaq peyvəndlərin hamı üçün əlçatanlığının təmin olunası məsələsindən sonra indiki real vəziyyətin müzakirə olunmasıdır. Bu, Azərbaycan Prezidentinin təşəbbüs və təkliflərinin BMT tərəfindən dəstəklənməsi və onun nüfuzunun qəbul edilməsi deməkdir”.
Sessiyanın gündəmi və çıxışların ardıcıllığı ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində xüsusi sessiyanın açılış mərasimində ali heyətin tərkibində 1-ci sıra, 5-ci yerdə çıxış edib və 120 ölkənin pandemiya ilə bağlı əsas baxışlarını dünya ictimaiyyətinə çatdırıb. Bu, özü bir göstəricidir və Azərbaycan Prezidentinə olan münasibətin ifadəsidir.
Bundan başqa 155 iştirakçı ölkə arasında Prezident İlham Əliyevin dövlət başçısı kimi 7-ci sırada çıxış etməsi heç şübhəsiz ki, Azərbaycana dünyada olan böyük hörmət və etimadın nümunəsidir. Eyni zamanda, bu, Prezident İlham Əliyevin şəxsi nüfuzunun beynəlxalq aləmdə göstəricisidir. Bütün bunlarla yanaşı Azərbaycan Prezidentinin istənilən beynəlxalq tribunadan ölkəmizin maraqlarını və artıq məğlub edilmiş işğalçı Ermənistanda hökm sürən despotizmi, diktaturanı, faşizmi dilə gətirməsi və onu ifşa etməsi artıq ənənə halını alıb ki, bu da həqiqətlərin dünyaya çatdırılmasında özünəməxsus rol oynayır. Ən mühüm məsələlərdən bir də odur ki, dekabr ayının 3-ü və 4-də keçirilən sessiyada Azərbaycan Prezidenti qalib dövlətin müzəffər ali baş komandanı kimi çıxış etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni icra etmiş dövlət və beynəlxalq hüquqda presedent yaratmış lider kimi öz sözlərini dedi. Bu isə yeni dünya nizamında Azərbaycanın yerini və rolunu təyin edən ən əsas faktorlardan biridir”.