Bu gün müasir dünyada Azərbaycanın nüfuzu, ona olan inam və etibar günü-gündən artır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasəti Prezident İlham Əliyev uğurla və böyük uzaqgörənliklə davam etdirir, ölkəmizin inkişafına mühüm töhfələr verir. Bölgədə yeni siyasi və iqtisadi reallıqlar yaradır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun fikirincə, bu gün dünyada müstəqillik tarixi 50 və 100 il olan ölkələr vardır ki, hələ də nə dövlət, nə də ordu qura bilib: “Azərbaycanın müstəqillik tarixi cəmi 30 il olsa da qısa müddətdə bütün sahələrdə böyük tərəqqi və inkişaf yolu keçib, bir sıra yerli və regional layihələri uğurla icra edib. Artıq heç kim Azərbaycanla təhdid dilində danışa bilməz və nəyisə ona diqtə edə bilməz”.
Deputat vurğulayıb ki, BMT-nin 3-4 dekabr tarixlərində COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi Sessiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilib: “Bu Sessiyanın Azərbaycanın təşəbbüsü ilə keçirilməsi dünyada baş verənlərə ölkəmizin adekvat yanamasını göstərir. Bu, eyni zamanda Azərbaycanın ölkələr arasında qazandığı xüsusi hörmət, yüksək nüfuzun, bölgədə aktiv rolunun göstəricisidir”.
Ceyhun Məmmədov bütün bunların fonunda Azərbaycan xalqının düşmən üzərində zəfər bayramını qeyd etdiyini də diqqətə çatdırıb: “Azərbaycan işğalçı Ermənistan üzərində əzmkar qələbəni təmin edib. Bu tarixi zəfər Prezident İlham Əliyevin siyasi liderliyi, həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində mümkün olub. Həyata keçirilən uğurlu və müdrik siyasət nəticəsində bu gün Azərbaycan Ordusu dünyanın 50 güclü ordusu sırasına daxil olub. Ən müasir texnika və silahla təchiz olunub, Azərbaycan bütün sahələrdə o cümlədən, ordu quruculuğu sahəsində böyük uğur qazanıb. İşğal altında olan torpaqlarımızın azad olunmasında, Ermənistan üzərində həlledici qələbəmizdə bu amil xüsusi rol oynadı. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalması ilə razılaşa bilməzdi.
İkinci Qarabağ savaşında zəfərdən sonra Azərbaycan Ordusunun dünya reytinqlərində daha da irəliləyəcəyi şübhəsizdir”.
Deputatın sözlərinə görə, bu gün dünyanın böyük dövlətləri Azərbaycan Ordusunun 44 gündə yazdığı qəhrəmanlıq salnaməsini öyrənir, öz ordusunda tətbiq etməyə çalışır.