Dekabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn formatda iclası keçirilib.
Milli Məclisdən Teleqraf.com-a verilən məlumata görə, onlayn iclasda əvvəlcə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.
Komitə sədri Musa Quliyev bildirib ki, sentyabrın 27-dən başlayan 44 günlük müharibə ilə Azərbaycan ordusu xalqımıza unudulmaz zəfər bəxş edib. Bu zəfər Azərbaycanın dövlətçilik tarixinə və döyüş salnaməsinə qızıl hərflərlə həkk edilib. M.Quliyev başda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev olmaqla bu möhtəşəm qələbədə əməyi olan əsgər və zabitlərimizi, qazilərimizi təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.
M.Quliyev deyib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” Sərəncamlarından irəli gəlib. Layihəyə əsasən Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir. Digər bir dəyişikliklə isə Məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım günü”dür. Həmin gün iş günü hesab edilir.
Qanun layihəsi yekdilliklə Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.
Onlayn iclasda gündəmin aktual məsələlərindən olan “Koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri” ilə bağlı komitədaxili dinləmə keçirilib.
Komitənin üzvü Soltan Məmmədov mövzu ilə bağlı məlumatları diqqətə çatdırıb. Deputat bildirib ki, koronavirus pandemiyası bütün dünya dövlətləri, o cümlədən Azərbaycan üçün ciddi sınaqlar yaradıb. Beynəlxalq əməkdaşlıq, dünya təcrübəsinin öyrənilməsi, ölkənin imkanlarının tam səfərbər edilməsi, fövqəladə vəziyyətlərə hazırlıq, qabaqlayıcı addımların atılması sahəsində Azərbaycan virusun yayılma sürətini xeyli azalda bilib. Pandemiya dövründə ölkəmizdə həyata keçirilən düzgün dövlət siyasəti, xüsusi karantin rejiminin tətbiqi, məhdudlaşdırıcı tədbirlər və virusun tez aşkarlanması sayəsində nisbətən az itkilər müşahidə olunub.
Deputat onlayn iclas iştirakçılarının nəzərinə çatdırıb ki, ilin əvvəlində koronavirus testlərinin aparılması üzrə ölkədə cəmi 6 laboratoriya fəaliyyət göstərirdisə, artıq belə laboratoriyaların sayı 40-ı keçib. İstifadə edilən reaktivlər ən yüksək standartlara cavab verir.
S.Məmmədov virusla mübarizədə Azərbaycan səhiyyə sisteminin rolu, stasionar tibbi personalın hazırlıq səviyyəsi ilə bağlı ətraflı danışıb. O, vurğulayıb ki, yoluxma səviyyəsinə uyğun olaraq koronavirusa yoluxmuş xəstələr 46 dövlət xəstəxanasında müalicə ala bilirlər. Tələb olunan avadanlıqlar, çarpayı sayı, modul tipli xəstəxanaların sayı kifayət qədər artırılıb.