Xalqımızın böyük oğlu, tarixi şəxsiyyət Ümummilli lider Heydər Əliyevin vəfatından 17 il keçir. Tarixdə ən çətin anlarda həyatları bahasına olsa belə, dövlətini qoruyub saxlayan böyük şəxsiyyətlər olub. Onların sırasında Heydər Əliyev xüsusi olaraq qeyd olunur. Heydər Əliyev XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş fenomenal şəxsiyyətdir. O, təkcə öz ölkəsində deyil, bütün dünyada layiqli hörmət, nüfuz qazanmış görkəmli dövlət xadimlərindən olub.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komtənin sədri, professor Hicran Hüseynova deyib.
Komitə sədri həyatını xalqının gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına, inkişafına həsr etmiş dahi şəxsiyyətin xidmətlərinin misilsiz olduğunu söyləyib:
"Azərbaycanda müstəqil. demokratik, hüquqi dövlətin yaranması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından kənara çıxıb. Azərbaycan və böyük Türk dünyasının dahi oğlu Heydər Əliyev tanınmış siyasi xadimlər sırasında layiqli yer tutub. O. xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri elmin, təhsilin, mənəviyyatın, mədəniyyətin misilsiz tərəqqisi mümkün olub. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılıb. Ulu öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq milli ruhlu ziyalı təbəqəsi formalaşıb. Böyük strateq Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış addımlar atıb. Xalqımızın döyüş ruhu, gələcəkdə ordu quruculuğu üçün Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılıb. Bu hərbi liseyin məzunları ordumuzun yaranmasında, ərazi bütövlüyünün qorunmasında həmişə ön cəbhədə olub. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu bu liseyin yetirməsidir”.
Hicran Hüseynova bildirib ki, dünya analitiklərinin böyük önəm verdiyi mədəniyyətin yayılması siyasətini Heydər Əliyev sovet dövründə özünəməxsus tərzdə həyata keçirib:
“Dahi siyasətçi Heydər Əliyev Azərbaycanı dünyada məhz milli dəyərləri, mənəvi tarixi, mədəniyyət özəlliyi ilə tanıdıb. Ona görə də, 1969-1982-ci illər Azərbaycan elminin, təhsilinin intibah dövrü hesab olunur”.
Professor söyləyib ki, müasir dövrdə qadınların kişilərlə bərabər hüquqa malik olması, yüksək dövlət vəzifələrində çalışması, lider olması, təhsil alması olduqca vacibdir:
“Əks təqdirdə qadının idarəetmədə çalışması mümkün deyil. 1974-cü il “Azərbaycan qadını” jurnalının 50 illik yubileyində Ulu öndər Heydər Əliyev qadınların ictimai, siyasi proseslərdə aktiv rolundan bəhs edilin”.
Hicran Hüseynova vurğulayıb ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı, çətin prosesdir:
“Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz xarizmatik liderdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşıyıb. Heydər Əliyevin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra Azərbaycanın suverenliyinin təmin olunması prosesi sürətləndi. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı. Qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi. Cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirdi. Sınaqlardan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modeli yarandı. Azərbaycan dünya dövlətləri sırasında özünəlayiq yer tutdu. Beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyuldu. Bu uğurlu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı-cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Cənab Prezident müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilib. Cənab Prezidentin sayəsində ölkəmiz Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji, kommunikasiya layihələrinin başlıca təminatçısıdır”.
Komitə sədrinin fikrincə, ümummilli liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi:
“O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Bu gün Ulu öndərin ruhu şaddır. cənab Prezident İlham Əliyevin 17 ildə həyata keçirilən güclü dövlət, güclü ordu strategiyası, çox vektorlu siyasi münasibətlər torpaqlarımızın işğaldan azad olmasına zəmin yaratdı. Azərbaycan sübut etdi ki, öz ərazi bütövlüyünü qorumağı bacarır və 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. Döyüş meydanında, diplomatik müstəvidə, informasiya məkanında üstünlük qazandıq. Daxili siyasi müstəvidə aparılan ardıcıl, sistemli tədbirlər nəticəsində qələbə əldə edildi. Bu gün bütün dünya ölkələri, siyasi mərkəzlər bu barədə müzakirə edir, təhlillər verirlər. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət edən zaman Prezident dedi ki, “xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Biz o zaman bildik ki, ulu öndər öz oğluna Qarabağı azad etməyi vəsiyyət edib. Məlum oldu ki, Cənab İlham Əliyev təkcə Prezident kimi deyil, həm də bir oğul kimi də öz üzərinə böyük məsuliyyət götürüb. Bu gün isə bizim sevincimizin həddi yoxdur. Biz öz torpaqlarımızı işğaldan azad etmişik. Artıq Azərbaycan üçün yeni dövr başlayıb. Qarşıda böyük hədəflər dayanır. Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını daim qoruyacaq”.