“Bəzi ölkələr post-sovet coğrafiyasında çoxtərəfli platformaların yaradılmasını təklif edirlər. Bu platformalardan bəziləri Moskvaya təzyiq vasitəsi kimi nəzərdə tutulur. Bəziləri isə xarici qüvvələrin keçmiş sovet coğrafiyasına müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır”.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin siyasi eksperti Züriyə Qarayeva deyib.
Onun sözlərinə görə, ABŞ-ın yeni Prezidenti Co Baydenin “Rusiyaya qarşı çoxtərəfli yanaşma” ilə bağlı açıqlamaları Moskvaya müxalif olan Moldova, Gürcüstan və Ukrayna hökumətlərini təşviq edir:
“Sözügedən ölkələr Rusiya tərəfindən işğal olunmuş ərazilərinin (Dnestryanı, Cənubi Osetiya, Abxaziya, Krım və Donbas) azad edilməsinə təkan verə biləcək platformaların yaradılması təkliflərini dəstəkləyirlər. Kişinyov, Tiflis və Kiyev bununla ABŞ və Avropanın regional işlərdə daha fəal iştirak edəcəyinə ümid edir.
Qeyd etdiyimiz platformalardan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Zəfər paradında Cənubi Qafqaz üçün çoxtərəfli bir platformanın yaradılmasını təklif etdi. Sözügedən platforma Moldova, Gürcüstan və Ukraynanın hazırladığı platformadan fərqlidir - bura yalnız daxili qüvvələr (Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan) cəlb olunacaq. “Burada xarici güclərə yer yoxdur” yanaşması Ərdoğan diplomatiyasının stereotipinə çevrilib. Yalnız daxili qüvvələr üçün açıq olan platforma həqiqətən region ölkələrinə sabitlik və inkişaf gətirə bilər.
Zəngəzurdan keçəcək və “Türk qapısı” adlandırılan dəhlizin açılması bütün türkdilli coğrafiyaları birbaşa kommunikasiya xətləri ilə birləşdirəcək. Hesab edirəm ki, iqtisadi və digər maraqlarını nəzərə alan Rusiya və İran Türkiyənin yeni platforma qurmaq istəklərinə müsbət cavab verəcək”.
Züriyə Qarayeva qeyd edib ki, Türkiyənin təklif etdiyi platformaya iki əngəl var - Ermənistan və Gürcüstan:
“Bu iki kiçik ölkənin iştirakı olmadan Türkiyə və Rusiyanın üzərində fəal şəkildə işlədiyi regional platformanın yaradılmasında çətinlik yarana bilər. Ermənistanın platformada iştirakı Qarabağda dəyişən status-kvonu qəbul etmək deməkdir. Ermənistanda qarşıdakı 5 ildə Rusiya ordusu bölgədəykən, “itirdikləri” torpaqlar uğrunda mübarizə aparmağa ümid var. Amma çox güman ki, Azərbaycan Xankəndi və Dağlıq Qarabağın digər şəhərlərini öz nəzarətinə keçirmək üçün Rusiyadan sülhməramlılarını geri çəkməyi xahiş edəcək. Buna görə də Ermənistan sözügedən platformanın altına imzasını atmaya bilər. Amma Rusiyanın buradakı maraqlarını nəzərə alsaq, Ermənistanın buna müsbət cavab verməkdən başqa seçimi olmaya da bilər.
Gürcüstanla bağlı vəziyyət daha da mürəkkəbdir. Gürcüstanın bir hissəsini ilhaq edilib, Türkiyə isə iqtisadi cəhətdən burada dominantdır. Gürcüstan isə bu platforma xaricindəki qüvvələrini onu qorumasının tərəfdarıdır. Düzdür, Tiflisin bu istəklərinin əksinə olaraq, Tramp Gürcüstanla çox da maraqlanmırdı, amma Baydenin hakimiyyətə gəlməsi vəziyyəti dəyişə bilər. Gürcüstan olmadan, Ərdoğanın təklif etdiyi platformanın təsirli olacağı gözlənilmir. Gürcülər isə özlərinin iştirak etməyəcəyi bu platformanı öz milli təhlükəsizliyinə təhdid kimi qəbul edəcəklər. Bu vəziyyətdə, Tiflis ABŞ-a Gürcüstan ərazilərində öz hərbi bazasını yaratmaq təklifini verə bilər. Lakin bunun baş verəcəyi də az inandırıcıdır. Bütün hallarda isə Ərdoğanın bu təklifi reallaşsa, bu, regionun mənəvi, iqtisadi və geosiyasi önəmini xeyli artıra bilər”.