ABŞ-ın texnologiya şirkəti “Google” işçilərinə 2021-ci ilin sentyabr ayından etibarən həftənin 2 günü “çevik iş saatı” altında evdən işləməyə icazə verəcək.
Teleqraf.com xəbər verir ki, bununla da şirkət COVID-19 pandemiyası səbəbindən tətbiq etdiyi evdə işləmə modelini genişləndirir.
Şirkətin icraçı drektoru Sundar Piçainin işçilərinə göndərdiyi elektron müraciətdə deyilir:
“2021-ci ilin sentyabr ayına qədər ofisə gəlməyiniz tələb olunmur. Bundan sonra evdən çalışma modeli qismən davam edəcək. Çevik iş modelinin daha çox səmərəliliyi təmin etdiyi tezisini test edəcəyik".
Məlumata görə, işçilər bu tarixdən sonra həftədə 3 gün işə gələcək, qalan 2 gün isə evdən işləyəcəklər.
“Google” ötən iyul ayında məsafədən işləmə modelini 2021-ci ilin iyun ayına qədər uzatdığını elan etmişdi.