29 Dekabr 2020 15:02
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın Ermənistana rəhbərlik etdiyi müddətdə onsuz da sosial-iqtisadi problemlər içərisində boğulan işğalçı ölkədə müharibədən sonra vəziyyət daha da ağırlaşıb. Artıq düşmən ölkənin vətəndaşlarının da gələcəyə inamı qalmayıb və xalq yaxşı heç nə gözləmir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Ermənistanda mövcud sosial-iqtisadi durumu şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanda sosial-iqtisadi böhran daha da dərinləşəcək:

“Ermənistanda iqtisadi vəziyyət hər gün pisləşməkdə davam edir. İl ərzində pandemiyanın yaratdığı iqtisadi problemlər və daha sonra İkinci Qarabağ müharibəsinin Ermənistan iqtisadiyyatına vurduğu zərər iqtisadi vəziyyətin pisləşməsinə səbəb olub. Eyni zamanda müharibədən sonra Ermənistanda yaranmış siyasi böhran da səmərəli iqtisadi siyasətin aparılmasına mane olur, iqtisadi problemlərin həllinə imkan yaratmır və iqtisadi subyektlər siyasi böhranın necə bitəcəyini gözləyirlər. 44 günlük müharibə təcavüzkar dövlətin həm siyasi, həm də iqtisadi cəhətdən kəskin ziyana düşməsi ilə nəticələnib.

Hesablamalara görə, müharibənin bir günü Ermənistan üçün təxminən 30 milyon dollara başa gəlib. Bunu erməni ekspertləri də etiraf edirlər. Ermənistan müharibədən öncə də iqtisadi baxımdan son dərəcə zəif ölkə idi. Bu qədər itkiləri də nəzərə alanda post-müharibə dövründə işğalçı ölkənin iqtisadiyyatının nə günlərə qalacağını təsəvvür etmək elə də çətin deyil”.

Yusif Bağırzadə bildirib ki, Ermənistanın xarici borcu 8 milyard dollardan artıqdır ki, bu da ölkənin ümumi daxili məhsulunun 70 faizindən çoxunu təşkil edir. 2 milyard dollara qədər rezervləri olan ölkə üçün 8 milyarddan çox xarici borcun olması ciddi neqativ iqtisadi nəticələrə gətirib çıxaracaq:

“Göründüyü kimi, işğalçı ölkə həm siyasi, həm də iqtisadi böhran yaşayır və gün keçdikcə bu böhran daha da dərinləşəcək. Pandemiya dövründə iqtisadi subyektlərin fəaliyyət imkanlarının daralması onların müharibənin yaratdığı iqtisadi problemlərə adekvat və cəld reaksiya verməyə imkan yaratmır. Zaman keçdikcə isə iqtisadi subyektlərin mövcud iqtisadi problemlərə reksiyası özünü tam olaraq göstərəcəkdir və bu proses ölkədən valyuta axını meyllərinin artması, maliyyə resurslarının çatışmazlığı, xarici borcun artması, xarici valyuta ehtiyatlarının azalması kimi iqtisadi problemlər müşayiət olunacaqdır. Bunların müyyən cücərtiləri artıq görsənməkdədir. Məsələn Ermənistanda son ilin inflyasiya göstəricilərinə baxdıqda görürük ki, oktyabr ayında inflyasiya göstəricisi 1.3% olduğu halda, noyabrda 1.6%, dekabrın sonuna isə 2.5%-ə çatmışdır. Bu inflyasiya isə təbii olaraq eyni zamanda milli valyutanın ucuzlaşması da öz təsirini göstərmişdir”.

Politoloq qeyd edib ki, Ermənistanda ən yüksək qiymət artımının məhz ərzaq məhsullarında müşahidə edilməsi isə sosial narazılığın artması üçün əsas yaradır:

“Ermənistanda ərzaq məhsullarının qiymətinin artımına İkinci Qarabağ müharibəsinin təsiri də böyükdür. Ona görə ki, Ermənistanda ərzaq sənayesinin inkişafında işğal edilmiş torpaqlardan əldə edilmiş xammalın rolu böyük idi. Ermənistanın bu ərazilərdən məhrum olması isə ərzaq sənayesinin inkişafına əhəmiyyətli sürətdə təsir edir. Ölkənin saxlanılması üçün Azərbaycanın işğal altında olmuş torpaqlarından geninə boluna istifadə edən Ermənistan indi bundan məhrum olub. Azərbaycanın işğal edilmiş torpaqları azad etməsi nəticəsində Ermənistan taxıl istehsalının 47.3%-dən məhrum olub. Həmçinin işğal edilmiş torpaqların azad edilməsi Ermənistanda digər kənd təsərrüfatı məhsullarının çatışmazlığına da səbəb olmağa başlayıb. Çünki böyük həcmdə kənd təsərrüfatı məhsulları işğal edilmiş torpaqlardan Ermənistana gətirilirdi. Ermənistanın bu məhsullardan məhrum olması yerli istehsal imkanları məhdud olduğundan həmin məhsulları xaricdən idxal edilməsinə gətirib çıxarır. Bu isə sözsüz ki, qiymət artımına yol açır və bu proses gələcəkdə daha sürətlə davam edəcəkdir.

Ermənistanın çıxılmaz durumda olduğunu artıq bu ölkənin bir sıra rəhbər vəzifəli şəxsləri də etiraf etməyə başlayıblar. Elə Ermənistan prezidenti Armen Sarkisyan da öz çıxışlarında mövcud vəziyyəti şərh edərkən ölkəsinin ağır sosial-iqtisadi durumda olduğunu etiraf edib və bunu “yaralı iqtisadiyyat böyük sosial problemlərlə yüklənib” kimi ifadə edib. O həmçinin 44 günlük müharibə və acı məğlubiyyətin Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olduğunu və müharibədəki ağır məğlubiyyət yükünün təkcə Ermənistanın bugünki nəsli deyil, gələcək nəsillərinin də daşıyacağını bildirib”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər