12 Yanvar 2021 18:28
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yanvarın 11-də imzalanan bəyanatdan sonra əmin oldum ki, burada marağı olan Rusiya, Türkiyə daxil olmaqla heç bir dövlətin hazırda konkret uzunmüddətli planı yoxdur. Çünki planlar pozulub. Əvvəldən yazılmış ssenariyə əsasən, həyata keçirilən planla şahmat oyunu çox fərqlənir”.

Teleqqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Elman Sadıqov deyib.

O bildirib ki, hazırda yazılmış planların icrası deyil, müxtəlif tərəflərin iştirak etdiyi şahmat oyunu gedir: “Oyunda 4 əsas, eləcə də əsas iştirakçıların yanında onlara gedişlər pıçıldayan bir neçə kənar iştirakçı var. Əsas iştirakçılar Azərbaycan, Türkiyə, Rusiya və Ermənistandır. İkinci dərəcəli iştirakçılar da məlumdur - Fransa və sair.

Şahmat oyununun hazır ssenaridən üstün cəhəti odur ki, tərəflərdən kim daha incə, öncədən daha çox gedişi düzgün hesablaya bilən tərəf olacaqsa, daha çox o qazanacaq. Bu səbəbdən tərəflər bir-birlərinə psixoloji təzyiq də edəcək. “Bu oyundur”, “Heç bir fəaliyyətin xeyri yoxdur” və sair kimi təbliğatlarla, dezinformasiya yayacaq ki, qarşı tərəfləri ruhdan salsın”.

İqtisadçı hesab edir ki, Rusiya Ermənistanla tam eyni tərəfdə deyil, ola da bilməz: “Ən çətin vəziyyətdə olan elə Rusiyadır. Çünki 3 tərəfin bir məsələsi var, Rusiyanın isə bir deyil, 5-10 Qarabağ məsələsi var. Rusiyanın burada atdığı addımların əks-sədası Ukraynada, Moldovada, eləcə də Qazaxıstanda və digər dövlətlərdə, həmçinin öz daxilində olan muxtariyyətlərdə çıxa bilər.

Muxtariyyət məsələsini Rusiya öz daxilində yavaş-yavaş söndürməyə başladığı bir anda Qarabağa status vermək və kobud strateji səhvlərlə risk edərək, yeni münaqişələrə girmək istəməz. Xüsusilə ABŞ-da administrasiyanın dəyişdiyi bir vaxtda. Rusiya hazırda vaxt udmağa çalışaraq yaranmış vəziyyətdə yaxın, orta və uzaq gələcək üçün yeni planlar, gedişlər hazırlamaqdadır. Hazır planı var, amma gizlədir deyə bilərlər. Bu, yalnız Rusiyanın nüfuzunu artırıb tərəfləri ruhdan salmaq üçün ortaya atılmış təbliğat ola bilər. Belə bir plan olubsa da, əminliklə deyə bilərəm ki, o plan pozulub, hazırda işləmir.

Rusiyanın analitik mərkəzlərini güclü hesab etmirəm, belə mərkəzlər varsa da, Kreml həmin mərkəzlərə qulaq asmır. Rusiyanın 2020-ci ildə buraxdığı strateji səhvləri ortabab dövlət də buraxmazdı. Amma Azərbaycan, Türkiyə və ya strateji müttəfiqlərdən biri elə gözlənilməz gediş edə bilər ki, düşünülən növbəti gedişlər işə yaramaz”.

Ekspert deyir ki, strateji hədəflərin pozulub, məsələnin şahmat oyununa çevrilməsinin ən əsas səbəblərindən biri Şuşanın alınması oldu: “Hətta Rusiya və Ermənistan Şuşanın alınmasına o qədər inanmayıblar ki, bu məsələni istisna variant kimi hesablayıblar. Elə ən böyük gediş də qarşı tərəfin istisna etdiyi, görmədiyi, inanmadığı gedişi etməkdir ki, bu qarşı tərəfi həm çaşdırır, həm də psixoloji gərginliyə salır. Bundan sonra əminəm ki, ortaya çıxacaq hər hansı variant öncədən hazırlanan deyil, indi hazırlanmış planlar olacaq. Sadəcə olaraq, bu gedişləri görmək, nəzərə almaq, hesablamaq lazımdır. Unutmayaq ki, istisnasız olaraq bütün tərəflərin strateji hədəfləri pozulub. Hər bir tərəf öz mövqeyini daha da gücləndirmək, itirilmiş mövqeləri bərpa etməyə çalışır”.

Elman Sadıqov deyir ki, ən çox itirən Ermənistandır: “Rusiya strateji tərəfdaşı olan Ermənistanın yanında durub onunla eyni tərəfdə oynamaq istəmir. Çünki bu addım daha böyük strateji risklər yaradar. Rusiya ip üzərində yeriyən bir kəndirbaz vəziyyətindədir. Hansı tərəfə çox əyilsə, fərqi yoxdur, balans pozulacaq. Odur ki, 2021-ci ildə bir-birinə zidd gedişlərin, yubanmaların, bəyanatlarla vaxt udmaların, üçtərəfli bəyanatın şərtlərini pozmaqda davam edən Rusiyanın hərdən bir isterik hərəkətlərinə də şahid olacağıq”.

Analitik qeyd edib ki, dünyada yaranmaqda olan yeni düzəndə Türkiyə yeni siyasət formalaşdırır: “Bunu Rusiya da bilir. O səbəbdən bəzi incə, çaşdırıcı gedişlər etməyə çalışacaq, amma Azərbaycan daha incə qarşılıqlı gedişlər edərsə, həmin gedişlərin əhəmiyyəti ya azalacaq, ya da tamamilə itirəcək.

Ən əsas hədəflərdən biri Azərbaycanın öz strateji tərəfdaşları ilə münasibətlərini pozmağa yönələcək. Qarabağın bərpasında 3 dövlətin iştirakı kimi...Türkiyəni həmin layihələrdən kənarda saxlamaqla Azərbaycanla arasında soyuqluq yaratmaq və ölkəmizin əlini zəiflətmək... Buna qarşı çox incə və güclü gedişlər var”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər