Yaxın vaxtlarda aeroport, ofis və stadionlar kimi izdihamlı yerlərə daxil olmaq üçün peyvənd pasportunun tələb olunacağı düşünülür.
Teleqraf.com CNN kanalına istinadla xəbər verir ki, “Microsoft”, “Oracle”, “Salesforce”, “Cerner”, “Epic Systems” və “Mayo Clinic” kimi texnologiya və sağlamlıq nəhəngləri birgə təşəbbüslə çıxış ediblər.
“Sarı kart” adlandırılan bu peyvənd pasportu bir tətbiqlə mobil telefona yüklənəcək, şəxsin hansı peyvənd olunduğu, neçə doza aldığı və peyvənd tarixi kimi detallar QR kodla müəyyənləşəcək.
Yalnız ölkələrarası səyahətlər üçün deyil, həm də kinoteatr, konsert və restoranlara giriş üçün mobil telefonlara daxil edilən rəqəmsal tətbiqetmələrin istifadəsi gündəmdədir.
Avropa İttifaqının da diqqətində olan peyvənd pasportu sabah qurumun iclasında müzakirə ediləcək və liderlərin təklifləri dinləniləcək.
Qeyd edək ki, Yunanıstan bütün Avropada tanınan və səyahət azadlığını təmin edən ortaq bir peyvənd pasportu üçün kampaniya aparmışdı. Ancaq Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səyahət üçün peyvənd pasportunun tələb edilməsi əleyhinə çıxmışdı.